- 23 May 2024
Bakı Avrasiya Universitetində Regionşünaslıq və iqtisadiyyat fakultəsinin Humanitar fənlər və regionşünaslıq kafedrasının təşkilatçılığı ilə “COP 29 və qlobal iqlim gündəliyi” mövzusunda tədbir keçirilib. Panel müzakirə COP 29 istiqamətində Bakı Avrasiya Universitetinin Tədbirlər planı çərçivəsində həyata keçirilib.
Panel müzakirədə Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Səyavuş Qasımov, Regionşünaslıq və iqtisadiyyat fakultəsinin dekanı dosent Mütəllim Rəhimov, Humanitar fənlər və regionşünaslıq” kafedrasının müdiri dosent Aybəniz Rüstəmova müəllim- tələbə heyyəti iştirak ediblər.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin BMT şöbəsinin müdiri Əsmər Yusifzadənin “COP 29 və qlobal iqlim gündəliyi” mövzusunda geniş məruzəsi dinlənilib.
İnteraktiv şəkildə keçən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və qarşıda duran vəzifələr istiqamətində çıxışlar səsləndirilib. Qlobal iqlim dəyişikliyi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının fəaliyyəti və onun 29-cu sessiyasının təşkili ilə bağlı geniş müzakirələr aparılıb.