- 29 Apr 2025
2025-ci il 24 aprel tarixində Bakı Avrasiya Universitetinin (BAAU) Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədi (SDG) ilə bağlı tədbirlər silsiləsindən elmi-seminar keçirilib.
Tədbirdə Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Elmi seminarda universitetin professoru Mayıl Əsgərov 4-cü Dayanıqlı İnkişaf Məqsədi olan Keyfiyyətli təhsili rəhbər tutaraq dilçiliyin dayanıqlı inkişafını özündə əks etdirən “Dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə almaqla, müasir dilçiliyin ən populyar istiqamətləri olan sosioloji və psixoloji dilçilik koqnitiv dilçilik üzrə tədqiqatlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.
O, məruzəsində müasir dilçiliyin aktual istiqamətlərinə toxunaraq, dilin cəmiyyət və insan psixologiyası ilə əlaqəsini vurğulayıb. M.Əsgərov sosioloji və psixoloji dilçilik sahələrində aparılan tədqiqatların, dilin insan həyatındakı rolunu daha yaxşı anlamağa imkan yaratdığını qeyd edib. O, həmçinin koqnitiv dilçilik nəzəriyyələrinin dilin beyinlə əlaqəsini və insanın dil vasitəsilə dünyanı necə təsəvvür etdiyini daha dərindən öyrənməyə kömək etdiyini bildirib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və müzakirələr aparılıb.