Xəbərlər

BAAU-da “Dünya ədəbiyyatında qadın” mövzusunda dəyirmi masa keçirilib

BAAU-da “Dünya ədəbiyyatında qadın” mövzusunda dəyirmi masa keçirilib
  • 04 Nov 2025

Bakı Avrasiya Universitetində (BAAU) Xarici dil və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) 5-ci “Gender bərabərliyi” Dayanıqlı İnkişaf Məqsədinə (DİM) uyğun olaraq “Dünya ədəbiyyatında qadın” mövzusunda dəyirmi masa keçirilib. Tədbirin əsas məqsədi cəmiyyətdə qadınların bütün sahələrdə kişilərlə bərabər hüquq və imkanlara malik olması, qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, zorakılıq, erkən və məcburi nikah hallarının qarşısının alınması məsələlərinə diqqət yönəltmək olub. 

Tədbiri giriş sözü ilə açan BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva cəmiyyətin inkişafında qadınların rolundan danışaraq vurğulayıb ki, dayanıqlı və ədalətli gələcəyin qurulması üçün qadınların təhsil, elm və mədəniyyət sahələrində fəallığının artırılması mühüm əhəmiyyət kəsb edir. 

Daha sonra Xarici dil və ədəbiyyat kafedrasının müdiri dosent Fatma Məcidova çıxış edərək bildirib ki, qadın obrazı dünya ədəbiyyatında yalnız estetik yox, həm də sosial və mənəvi dəyərlərin daşıyıcısı kimi mühüm yer tutur. O, qeyd edib ki, bu kimi elmi müzakirələr tələbələrdə gender bərabərliyi, humanizm və sosial ədalət prinsiplərinin formalaşmasına töhfə verir.

Dəyirmi masada AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, fil.ü.f.d., dosent Xumar Dadaş-Ələkbərova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aytəkin Quliyeva, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin böyük elmi işçisi, fil.ü.f.d. Nəcibə Bağırzadə iştirak ediblər.

Tədbir çərçivəsində qeyd olunub ki, qadın mövzusunun ədəbiyyatda araşdırılması təkcə elmi və bədii deyil, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. 

Belə tədbirlər universitetin gender bərabərliyinin təşviqi və humanist dəyərlərin təbliği istiqamətində fəaliyyətinin davamı kimi dəyərləndirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Digər Xəbərlər