- 24 Dec 2025
Bakı Avrasiya Universitetində (BAAU) əcnəbi tələbələrin mentor və qrup nümayəndələri ilə görüşü təşkil olunub. Görüşün əsas məqsədi mentor və qrup nümayəndələri arasında effektiv kommunikasiya və əməkdaşlıq mühitinin formalaşdırılması olub.
Tədbirdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva çıxış edərək əcnəbi tələbələrin akademik fəaliyyətində mentorluğun və təşkilati dəstəyin əhəmiyyətindən bəhs edib. O, həmçinin mentor və qrup nümayəndələrinin birgə fəaliyyətinin tələbələrin tədrisə inteqrasiyası baxımından vacib olduğunu vurğulayıb.
Görüşdə Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinin rəhbəri Aygül Əhmədova və Əcnəbi tələbələrlə iş mərkəzinin baş mütəxəssisi Rahilə Xəlilova da iştirak ediblər. Onlar əcnəbi tələbələrlə iş sahəsində BAAU-da təşkil edilən tədbirlər, mövcud problemlər və onların həlli yolları barədə məlumat veriblər.
Görüş zamanı mentor və qrup nümayəndələri arasında səmərəli fikir mübadiləsi aparılıb, əcnəbi tələbələrin tədris prosesi, təşkilati məsələlər və sosial adaptasiya istiqamətində irəli sürdükləri təkliflər dinlənilib. Eyni zamanda, qarşıdakı dövr üçün fəaliyyət planı, məsuliyyət bölgüsü və əməkdaşlığın gücləndirilməsi ilə bağlı qərarlar qəbul edilib.
BAAU-da keçirilən bu formatlı görüşlər əcnəbi tələbələrin universitet mühitinə sürətli adaptasiyası və onların təhsil keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.




