Xəbərlər

BAAU-da əcnəbi tələbələrlə “Miqrasiya qaydaları” mövzusunda tədbir keçirilib

BAAU-da əcnəbi tələbələrlə “Miqrasiya qaydaları” mövzusunda tədbir keçirilib
  • 10 Oct 2025

Bakı Avrasiya Universitetində (BAAU) “Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları, tibbi əlçatanlıq və ölkə tanıtımı” layihəsi çərçivəsində “Miqrasiya qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin açılışında çıxış edən BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva yeni dərs ilində tətbiq edilən yeniliklər və əcnəbi tələbələr üçün yaradılan şərait barədə məlumat verib. O, Dövlət Miqrasiya Xidməti (DMX) əməkdaşlarının əcnəbi tələbələrlə birbaşa görüşlərinin əhəmiyyətini vurğulayıb.

Layihə rəhbəri, DMX yanında İctimai Şuranın üzvü Vidadi Fətullayev çıxışı zamanı ölkəmizin yüksələn beynəlxalq nüfuzu və iqtisadi inkişafı nəticəsində Azərbaycan universitetlərində təhsil alan xarici vətəndaşların sayının artdığını qeyd edib. O, bu sahədə ali təhsil müəssisələrinin və aidiyyəti dövlət qurumlarının birgə fəaliyyətindən danışaraq tədbirin təşkilinə dəstək göstərən DMX, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və BAAU-nun rəhbərliyinə təşəkkürünü bildirib.

DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova mövcud miqrasiya qanunvericiliyi və əcnəbi tələbələrin hüquqi statusu ilə bağlı iştirakçılara geniş təqdimatla çıxış edib.

Daha sonra əcnəbi tələbələrin ünvanladığı suallar DMX-nin Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru Xəyalə İsmayılova, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin inspektoru Ayxan Rzayev və Miqrasiya proseslərinin tənzimlənməsi baş idarəsinin baş inspektoru Nihat Kazımov tərəfindən cavablandırılıb. Onlar miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı müddəalarına dair ətraflı izahatlar təqdim ediblər.

Sözügedən tədbir BAAU-da təhsil alan əcnəbi tələbələrin Azərbaycan cəmiyyətinə inteqrasiyasının, həmçinin hüquqi maariflənməsinin gücləndirilməsi baxımından faydalı olub. 

Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Digər Xəbərlər