- 24 Dec 2025
Bakı Avrasiya Universitetində (BAAU) Ərəbşünaslıq Mərkəzinin təşkilatçılığı ilə Ərəb dili gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ərəbşünas professor-müəllim heyəti, tələbələr, eləcə də xarici qonaqlar iştirak ediblər.
Tədbir Qurani-Kərimin tilavəti ilə başlayıb. Ərəbşünaslıq Mərkəzinin tələbəsi Zahid Şirinov müqəddəs kitabımızdan surə səsləndirib. Ardınca BAAU-nun Ərəbşünaslıq Mərkəzinin elmi işlər üzrə direktoru, dosent Ülviyyə Hüseynova, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva, Filologiya fakültəsinin dekanı, dosent Salman Süleymanov və Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, Ərəbşünaslıq Mərkəzinin icraçı direktoru, dosent Mütəllim Rəhimov çıxış edərək ərəb dilinin və mədəniyyətinin elmi və mədəni əməkdaşlıq baxımından əhəmiyyətindən bəhs ediblər.
Daha sonra Misir Mədəniyyət Mərkəzinin rəhbəri Tarik Aboul Futuh çıxış edərək Azərbaycanla ərəb ölkələri arasında mədəni əlaqələrin inkişafı, elmi və mədəni əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Tədbirdə iştirak edən ərəb qonaqlar Lyama Alahraşi və Mutaz Abu Hashish də çıxış edərək BAAU-da yaradılmış elmi və mədəni mühitdən məmnunluqlarını ifadə ediblər.
Rəsmi hissədən sonra tədbir bədii-mədəni proqramla davam etdirilib. Proqram çərçivəsində Fərqanə Kərimovanın ərəb dilində ifa etdiyi “Li ucərihim” və “Ya ənə” adlı musiqi nömrələri təqdim edilib. Daha sonra tələbələrin təqdimatında şeir nümunələri və səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Bununla yanaşı, hazırda Ərəbşünaslıq Mərkəzinin xətti ilə Səudiyyə Ərəbistanında təhsil alan azərbaycanlı tələbələrin videoçarxı nümayiş etdirilib.
Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, keçirilən tədbir BAAU-da tələbələrin dünyagörüşünün genişləndirilməsi, mədəni müxtəlifliyin təşviqi və beynəlxalq elmi-mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.




