- 17 Nov 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Nəzəri dilçilik və türk dilləri kafedrası və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə Estoniyada yaşayıb fəaliyyət göstərən tanınmış azərbaycanlı ziyalı, jurnalist, tərcüməçi, araşdırmaçı, yazar Vidadi Məmmədov (Veysəlli) ilə görüş keçirilib.
Tədbirdə BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova, Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli açaraq, qonaq haqqında ətraflı məlumat verib. O, çıxışında xaricdə yaşayan Azərbaycanlıların öhdəsinə düşən əsas vəzifələr sırasında vətəni layiqincə təmsil etmək və milli-mənəvi dəyərlərimizi qoruyub yaşatmaq olduğunu qeyd edib.
Görüş zamanı Vidadi Məmmədov qürbətdə olan bir azərbaycanlı olaraq öz fəaliyyəti və yaradıcılığı haqqında geniş məlumat verərək, Qarabağa həsr olunan “Qızıl Qaya” romanından və uşaqlar üçün maarifləndirici kitab olan “İynə Doktor” əsərindən danışıb. O, həmçinin bir jurnlalist kimi fəaliyyətindən, təsisçisi və baş redaktoru olduğu “Ocaq” qəzetindən bəhs edib. Qonağın illərlə üzərində işlədiyi və işıq üzü gördüyü “Azərbaycanca-estonca lüğət” kitabı da təqdirə layiq bir iş kimi qiymətləndirilib.
BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova çıxış edərək, Vidadi Məmmədov kimi ziyalıların Azərbaycanda tanınmasının önəmindən danışıb. Bu cür görüşlərin tələbələrin elmi dünyagörüşünün genişlənməsində böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeç öz çıxışında yazıçının araşdırmaçı və ədəbi fəaliyyətinin unikallığından söz açaraq onun əsərlərində dil və üslubun ustalıqla birləşdiyini qeyd edib.
Nəzəri dilçilik və türk dilləri kafedrasının professoru Ədalət Tahirzadə Vidadi Məmmədovla olan dostluğundan, “Azərbaycanca-estonca lüğət” kitabının redaktoru olmağından bəhs edib.
Sonda Vidadi Məmmədov iştirakçılarla xatirə şəkli çəkdirib və müəllifi olduğu “Qızıl Qaya” və “İynə Doktor” kitablarını BAAU-nun Kitabxana və İnformasiya Mərkəzinə, müəllim və tələbələrə hədiyyə edib.




