- 04 Nov 2024
Bakı Avrasiya Universitetində (BAAU) Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərindən olan “Ekosistemin mühafizəsi”nə həsr olunmuş ətraf mühitin qorunması ilə bağlı müzakirə keçirilib.
Müzakirədə BAAU-nun bir qrup akademik-inzibati heyət üzvləri, Filologiya fakültəsinin tələbələri iştirak ediblər.
BAAU-nun Tədrisin təşkili departamentinin müdiri Natella Quliyeva ətraf mühitin qorunması istiqamətində hər kəsin öhdəliyinin olduğunu, ekoloji fəlakətlərin təkrarlanmaması üçün cəmiyyət arasında maarifləndirmə işlərinin vacibliyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Açılış nitqindən sonra çıxış edən BAAU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri fil.e.d., professor Elmira Məmmədova-Kekeç dünya ədəbiyyatında ekoloji mövzularda məlumat verib və dərin ekologiya hərəkatının banisi Aarne Ness yaradıcılığından başlayaraq tələbələrə ətraf mühitlə bağlı sərt prinsiplərin müəyyənləşdirilməsində mütəfəkkirlərin xidmətlərindən bəhs edib.
Sonra, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Əfsanə Nağıyeva 1986-cı ildə baş verən Çernobil qəzası haqqında geniş məlumat verərək tələbələri Svetlana Aleksiyeviçin yaradıcılığı ilə tanış edib, “Çernobıldan səslər” adlı romanı haqqında məlumat verərək nüvə müharibələrinin səbəb olduğu fəlakətlərə diqqət çəkib.
Sonda alman yazıçısı Dirk C. Flekin “Go! Eko-diktatorluq (Öncə Yer üzü,
sonra insan)” adlı kitabının müzakirəsi ilə davam edən tədbirdə nüvə fəlakətlərinin, eyni zamanda iqlim dəyişmələrinin təbiətə təsiri, ozon təbəqəsinin deşilməsi və dekarbonizasiya işlərinin vacibliyi kimi məsələlərlə bağlı tələbələrlə diskussiya aparılıb.