- 03 Jul 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Azərbaycan və dünya ədəbiyyatı kafedrasında fənn proqramlarının monitorinqi və təkmilləşdirilməsi məqsədilə maraqlı tərəflərin iştirakı ilə geniş tərkibli iclas təşkil olunub. Görüşdə professor-müəllim heyəti, tələbələr, məzunlar və işəgötürənlər iştirak ediblər.
İclasın açılışında kafedranın müdiri, filologiya üzrə elmlər doktoru, professor Elmira Məmmədova-Kekeç çıxış edərək fənn proqramlarının müasir dövrün tələblərinə uyğunlaşdırılmasının, tədris prosesində innovativ yanaşmaların tətbiqinin və əmək bazarına cavab verən kadr hazırlığının önəmini vurğulayıb.
Tədbirdə AMEA-nın elmi müəssisələrinin əməkdaşları da iştirak edərək sözügedən iclasa dəyərli elmi töhfələr veriblər. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin əməkdaşları – fil.ü.f.d., dos. Aybəniz Rəhimova və elmi işçi Jalə Rüstəmova, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri fil.e.d. Leyla Məmmədova, Mifologiya şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dos. Nail Qurbanov, Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Elnarə Əmirli, həmçinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Orxan İsayev fənn proqramlarının məzmunu, yeni elmi yanaşmaların inteqrasiyası və müasir folklor nümunələrinin tədrisə daxil edilməsi ilə bağlı təkliflər səsləndiriblər.
İclas zamanı proqramların güclü və zəif tərəfləri təhlil olunub, təkmilləşdirilmə istiqamətləri müəyyənləşdirilib və iştirakçıların tövsiyələri əsas götürülməklə gələcək planlar müzakirə olunub.
Tədbir səmərəli fikir mübadiləsi şəraitində keçib və qarşılıqlı elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə yekunlaşıb.