Xəbərlər

BAAU-da “Heydər Əliyev ideyaları və Konstitusiya və Suverenlik İlinin sinergiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

BAAU-da “Heydər Əliyev ideyaları və Konstitusiya və Suverenlik İlinin sinergiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
  • 08 May 2025

Bakı Avrasiya Universitetində (BAAU) “Heydər Əliyev ideyaları və Konstitusiya və Suverenlik İlinin sinergiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova, 17 müxtəlif ali təhsil müəssisəsindən olan tədqiqatçılar, eləcə də BAAU-nun müəllim və tələbə heyəti iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.

Açılış nitqində BAAU-nun rektoru, dosent Səyavuş Qasımov çıxış edərək bildirib ki, 2025-ci il Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30, Vətən müharibəsində tarixi Zəfərin isə 5 illiyidir. Bu mühüm hadisələr münasibətilə Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması böyük əhəmiyyət daşıyır.

Dos. Səyavuş Qasımov çıxışında qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olmuş, müasir dövlət quruculuğu üçün möhkəm təməl qoyulmuşdur. Onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etmişdir.

Rektor, həmçinin, 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsində əldə olunmuş şanlı Qələbəni, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam şəkildə təmin edilməsini qeyd edib. 

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova öz çıxışında konfransın Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək təşkilatçılığa görə BAAU rəhbərliyinə təşəkkürünü çatdırıb. O, Heydər Əliyevin dövlətçiliyimizin möhkəmlənməsi və suverenliyimizin təmin olunmasındakı əvəzsiz xidmətlərini xüsusi vurğulayıb və konfrans iştirakçılarına uğurlar arzulayıb.

BAAU-nun elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova isə çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasi kurs Azərbaycanın suverenliyi və davamlı inkişafı üçün mühüm zəmin yaradır.

Konfrans daha sonra bölmə iclasları ilə davam etdirilib. İştirakçılar müxtəlif aktual mövzularda elmi çıxışlarla çıxış ediblər.

Digər Xəbərlər