Xəbərlər

BAAU-da “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” kitabının təqdimatı olub

BAAU-da “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” kitabının təqdimatı olub
  • 05 Nov 2024

Bakı Avrasiya Universitetində (BAAU) Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı (FHNİHİ) tərəfindən hazırlanmış “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı keçirilib. Universitetin Həmkarlar İttifaqının sədri Şəfahət Əliyevin təqdimatı ilə keçən tədbirdə BAAU-nun tələbələri iştirak edib.

Təqdimat zamanı Ş.Əliyev 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə həm döyüş meydanında, həm də informasiya müharibəsində əldə etdiyi tarixi qələbəyə diqqət çəkib. O, bildirib ki, Prezident İlham Əliyev müharibə dövründə müxtəlif ölkələrdən media qurumlarına verdiyi müsahibələrdə Ermənistanın qanunsuz silahlandırılmasını, beynəlxalq terrorçuluq fəaliyyətlərini, işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı törədilmiş barbarlıqları və qanunsuz məskunlaşdırmanı ifşa edib. Bununla yanaşı, Ali Baş Komandanın bu müsahibələrdə Qərb ölkələrinin ikili standartlarını və ATƏT-in Minsk qrupunun həmsədrlərinin ədalətsiz mövqelərini ifşa etməsi Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqda mühüm rol oynayıb.

Ş.Əliyev qeyd edib ki, Vətən müharibəsi dövründə Orduya və xalqa verilən mənəvi ruh yüksəkliyi, Prezident İlham Əliyevin qətiyyətli və təsirli çıxışları sayəsində daha da güclənib. Dövlətimizin başçısının çıxışları milli birlik və qətiyyət nümunəsi olaraq tarixdə xüsusi bir yer tutur. 

Əldə edilən Şanlı Zəfərin təbliği, gələcək nəsilə düzgün formada ötürülüməsinin vacibliyini diqqətə çatdıran sədr “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın bu istiqamətdə verəcəyi faydalardan söhbət açıb. Kitabda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq, erməni təcavüzünü və vandalizmini faktlarla ifşa etmək, eləcə də hərbi əməliyyatlarla yanaşı aparılan informasiya müharibəsində də üstünlük qazanmaq məqsədilə dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr əks olunub.

Qeyd edək ki, FHNİHİ-nin sədri Mehman İsmayılov tərəfindən Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin dünyanın aparıcı media orqanlarına verdiyi müsahibələri özündə əks etdirən “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitab üç dildə - Azərbaycan, rus, ingilis dillərində hazırlanıb, Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının maliyyə vəsaiti hesabına çap olunub.

Kitab siyasətçilər, məmurlar, diplomatik nümayəndəliklərin əməkdaşları, həmçinin Azərbaycanı sevən hər bir vətənpərvər üçün nəzərdə tutulub. Bu kitabla yanaşı, müsahibələrin videogörüntülü səsləndirmə versiyası, Azərbaycan, rus, ingilis dillərində elektron yaddaş daşıyıcısı (flash card), “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı film və virtual aləmdə geniş oxucu kütləsini bu məlumatlarla daha yaxından əlaqələndirmək məqsədilə müsahibələrin Azərbaycan, rus, ingilis dillərində videoları və mətnləri özündə əks etdirən sayt da (www.informvictory.az, www.informvictory.az/ru/, www.informvictory.az/en/) hazırlanıb.

Digər Xəbərlər