Xəbərlər

BAAU-da İraq türklərinin tarixi və ədəbiyyat nümunələri müzakirə edilib

BAAU-da İraq türklərinin tarixi və ədəbiyyat nümunələri müzakirə edilib
  • 23 Oct 2023

Bakı Avrasiya Universitetində “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının təşkilatçılığı ilə İraq türklərinin tarixini, folklorunu, yazılı ədəbiyyatını, dialekt xüsusiyyətlərini daha yaxından öyrənmək məqsədilə əməkdar elm xadimi, fil.e.d., prof. Qəzənfər Paşayev və İraq Türkman Jurnalistlər Cəmiyyətinin, Kərkük Kültür Dərnəyinin sədri, “Kərkük” qəzetinin baş redaktoru, tədqiqatçı və şair Şəmsəddin Kuzəçi ilə görüş keçirildi. “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının müdiri fil.e.d., prof. Elmira Məmmədova-Kekeç giriş sözü ilə açdıqdan sonra professor Qəzənfər Paşayev tələbəlik illərindən İraq türklərinin ədəbiyyatı ilə maraqlandığını, tərcüməçi olaraq işlədiyi müddətdə onların folklor nümunələrini topladığını və tədqiqatlara başladığını qeyd etdi. Hal-hazırda da bu sahədə aparılan işlərdən bəhs edərək ümumilli lider Heydər Əliyevin: "Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq-türkmanları bir bütövün parçalarıdır", - mülahizəsini nəzərə çatdırdı. “Altı il Dəclə-Fərat sahillərində” kitabının necə yaranmasından da bəhs edərək çıxışının sonunda Kərkük folkloru üçün səciyyəvi olan xoyratlar səsləndirdi. Müxtəlif dillərdə yetmiş üç kitabın müəllifi və tərtibatçısı, Odlar yurdu Azərbaycanı ikinci vətəni sayan Şəmsəddin Kuzəçi “Salam gətirmişəm” şeiri ilə məruzəsinə başladı. Azərbaycan ziyalılarının və gənclərinin İraq türklərini  daha yaxşı tanımaları üçün gördüyü işlər haqqında məlumat verərək İraq türklərinin vaxtı ilə Azərbaycandan köçdüklərini və bu faktın ədəbi mətnlərdə təzahür etdiyini vurğuladı, Kərkük, Mosul, Ərbil, Təlafər, Tuzxurmatu, Dakuq kimi ərazilərdə məskunlaşdıqlarını bildirdi. Görüşün sonunda Şəmsəddin Kuzəçinin hazırladığı və müəllifi olduğu kitablar dinləyicilərə təqdim edildi.

Digər Xəbərlər