- 21 Oct 2025
Bakı Avrasiya Universitetində (BAAU) ABŞ-da fəaliyyət göstərən Mədəniyyət və Təhsil İnstitutu (Chartered Culture and Education Institute) ilə əməkdaşlıq çərçivəsində, institutun təsisçisi və İdarə Heyətinin sədri Vasif Eyvazzadənin iştirakı ilə “Karyera və həyat dizaynı” mövzusunda maarifləndirici sessiya keçirilib.
Tədbirdə universitetin akademik-inzibati heyəti və tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Beynəlxalq əlaqələr üzrə prorektor Sevda Rzayeva qonağı salamlayaraq belə görüşlərin tələbələrin gələcək inkişafına və motivasiyasına mühüm töhfə verdiyini vurğulayıb.
Sessiya zamanı Vasif Eyvazzadə müasir əmək bazarının tələbləri, karyera planlamasının əsas mərhələləri, şəxsi brendin formalaşdırılması və həyat dizaynı konsepsiyası barədə ətraflı məlumat verib. O, həmçinin fərdi potensialın aşkarlanması, məqsədyönlü inkişaf strategiyalarının qurulması və peşəkar yönümlü qərarların qəbulunda effektiv yanaşmalar barədə faydalı tövsiyələrini paylaşıb.
Tədbir qarşılıqlı müzakirə və sual-cavab formatında davam edib. Tələbələr onları maraqlandıran mövzularla bağlı suallar verərək mütəxəssisdən praktik məsləhətlər alıblar.




