Xəbərlər

BAAU-da Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib

BAAU-da Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib
  • 29 Oct 2025

Bakı Avrasiya Universitetində (BAAU) Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Akademiyanın direktor müavini İbrahim Abanmi, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Ali Al Midvah, eləcə də həmin şöbənin nümayəndəsi Alauddin Xudair iştirak ediblər.

Görüş zamanı tərəflər BAAU nəzdində fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzinin fəaliyyəti, əldə olunan nailiyyətlər və gələcək əməkdaşlıq istiqamətləri ətrafında müzakirələr aparıblar.

BAAU-nun rektoru, dosent Səyavuş Qasımov çıxışında 2019-cu ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində layihənin birinci mərhələsinin uğurla başa çatdığını və 2022-ci ildən etibarən ikinci mərhələyə start verildiyini qeyd edib. O, Mərkəzin fəaliyyətinin yalnız BAAU ilə məhdudlaşmadığını, ölkədə ərəb dili və mədəniyyətinin öyrədilməsi və təbliği üzrə mühüm platformaya çevrildiyini vurğulayıb.

Rektor həmçinin bildirib ki, Mərkəz çərçivəsində həyata keçirilən tədris proqramları, elmi seminarlar, tərcümə və dil layihələri Azərbaycan–ərəb dünyası arasında mədəni və elmi körpü rolunu oynayır. O, Akademiya ilə tərəfdaşlığın daha da genişləndirilməsinin hər iki tərəf üçün mühüm nəticələr doğuracağına əminliyini ifadə edib.

Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının direktor müavini İbrahim Abanmi çıxışında Akademiyanın dünyada ərəb dilinin öyrədilməsi və tədqiqi sahəsində mühüm rol oynadığını vurğulayıb. O, Bakı Avrasiya Universitetində yaradılan Ərəbşünaslıq Mərkəzinin Akademiyanın dünyada ilk filialı olduğunu qeyd edərək, bu təşəbbüsün Azərbaycanda ərəb dilinə marağın artmasına əhəmiyyətli töhfə verdiyini bildirib.

İbrahim Abanmi əlavə edib ki, layihənin ilk iki mərhələsi uğurla həyata keçirilib və növbəti mərhələdə Mərkəzin fəaliyyətinin daha da genişləndirilməsi üçün yeni strateji inkişaf planı hazırlanır. Onun sözlərinə görə, bu istiqamətdə həm tədris, həm elmi tədqiqat, həm də mədəni əməkdaşlıq layihələrinin miqyası artırılacaq.

Görüş gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə başa çatıb.

Digər Xəbərlər