- 24 Oct 2024
Bakı Avrasiya Universitetində (BAAU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan “Səmərəli və təmiz enerji”yə həsr olunmuş "Yaşıl energetikada yaşıl enerjiyə keçidin əhəmiyyəti" mövzusunda seminar keçirilib. Seminarda universitetin akademik-inzibati heyəti və tələbələr iştirak edib.
Seminarda “Azərenerji” ASC-nin əməkdaşı Səxavət Mirzəyev təqdimatla çıxış edib.
Təqdimat zamanı ölkələrin “yaşıl enerji” və “yaşıl iqtisadiyyat” anlayışları, Azərbaycanın COP29-a ev sahibliyi etməsinin mahiyyəti, energetikanın inkişafında süni intellektin rolu, alternativ və bərpa olunan enerji mənbələrinin növləri və ölkəmizdə onların istifadə dinamikası və işğaldan azad edilmiş Qarabağ ərazisində genişmiqyaslı quruculuq işlərində energetikanın rolu barədə məlumat verilib, statistik məlumatlar nümayiş etdirilib.
İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində BAAU-da silsilə tədbirlər keçirilir.