- 24 Nov 2026
Bakı Avrasiya Universiteti (BAAU) ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə təşkilatçılığı ilə “Məlumat dünyasında analitik düşüncənin gücü” mövzusunda təlim keçirilib.
Tədbirdə Milli Observatoriyanın Təhlil və tədqiqatlar şöbəsinin baş mütəxəssisi Ləman Məmmədova çıxış edərək müasir dövrdə məlumatların düzgün təhlilinin, informasiyanın etibarlılığının qiymətləndirilməsinin və analitik düşüncə bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edib. O, böyük informasiya axını şəraitində zəruri məlumatların seçilməsi, onların müqayisəli təhlili və əldə olunan nəticələrin düzgün şərh edilməsinin vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində analitik düşüncənin gündəlik həyatda, təhsil və peşə fəaliyyətində tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar mövzu ilə bağlı müzakirələrə qoşulub, məlumatların təhlili və düzgün qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.




