- 13 Jun 2025
Bakı Avrasiya Universitetində (BAAU) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Universitetin Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova açılış nitqi ilə çıxış edərək, Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olduğunu qeyd edib. O, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının ölkənin müstəqil və sabit inkişaf yoluna çıxmasında həlledici rol oynadığını vurğulayıb.
Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 1993-cü ildəki siyasi və sosial gərginlik fonunda Ümummilli liderin qayıdışının dövlətçiliyin xilası olduğunu bildirib: “Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ölkədə yalnız siyasi sabitliyi deyil, həm də sosial və iqtisadi inkişafa zəmin yaradıb”.
Dosent Əjdər Yunusov Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixində ikinci mərhələnin başlanğıcı adlandıraraq, o dövrdə həyata keçirilən idarəçilik və hüquqi islahatların müasir dövlət quruculuğunun təməlini təşkil etdiyini bildirib.
Baş müəllim Gülnarə Bayramova isə çıxışında bu əlamətdar günün təkcə keçmişin şanlı səhifəsi deyil, həm də gələcək nəsillər üçün vətənpərvərlik, milli kimlik və dövlətə bağlılıq nümunəsi olduğunu vurğulayıb.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və sual-cavab sessiyası ilə yekunlaşıb.