Xəbərlər

BAAU-da “Mirzə Kazım bəy (1802–1870) yeni araşdırmalar işığında” mövzusunda ustad dərsi keçirilib

BAAU-da “Mirzə Kazım bəy (1802–1870) yeni araşdırmalar işığında” mövzusunda ustad dərsi keçirilib
  • 28 Nov 2025

Bakı Avrasiya Universitetində (BAAU) Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Azərbaycan dili müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şahnaz Kamal “Mirzə Kazım bəy (1802–1870) yeni araşdırmalar işığında” mövzusuna həsr olunmuş ustad dərsi keçib.

Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova bu cür elmi görüşlərin tələbələrin nəzəri biliklərinin, dünya görüşlərinin artırılması və elmi mühakimə qabiliyyətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. 

Daha sonra Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli tədbir iştirakçılarına Mirzə Kazım bəy kimi vətəndən kənarda yaşayıb fəaliyyət göstərən qonaq haqqında ətraflı məlumat verib. Kafedranın professoru Ədalət Tahirzadə mövzunun aktuallığı və Mirzə Kazım bəy irsinin elmi dəyəri barədə fikirlərini bölüşüb.

Şahnaz Kamal mühazirəsində görkəmli alim, Şərqşünaslıq elminin tanınmış nümayəndəsi Mirzə Kazım bəyin həyat və yaradıcılığını, eləcə də onun elmi irsinin müasir tədqiqatlar fonunda yenidən qiymətləndirilməsi istiqamətində aparılan araşdırmaları geniş şəkildə təhlil edərək, alimin bioqrafiyasına, elmi fəaliyyəti, orientalist baxışları və son araşdırmalarda ortaya çıxan yeni faktlara dair ətraflı məlumat təqdim edib.

Şahnaz Kamalın məzmunlu və səlis təqdimatı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Ustad dərsi interaktiv şəkildə davam edib və iştirakçılların sualları cavablandırılıb.

Tədbir iştirakçıları Mirzə Kazım bəyin həyatı, elmi fəaliyyəti  haqqında indiyə qədər məlum olmayan çox qiymətli məlumatlar əldə ediblər.

Tədbirin sonunda professor Gülzar İbrahimova qonağa Təşəkkürnamə təqdim edib, daha sonra iştirakçılarla xatirə şəkilləri çəkilib.

Digər Xəbərlər