Xəbərlər

BAAU-da Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

BAAU-da Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
  • 18 Oct 2024

Oktyabrın 18-də Bakı Avrasiya Universitetində (BAAU) Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Muradova, BAAU-nun akademik-inzibati heyəti və tələbələr iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Açılış nitqi ilə çıxış edən BAAU-nun rektoru, Dos. Səyavuş Qasımov tədbirə qatılan qonaqlara təşəkkür edərək 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən danışıb. O, müstəqilliyin sadəcə elan olunma prosesinin deyil, onun qorunub saxlanmasının və möhkəmləndirilməsinin də vacib olduğunu vurğulayıb. Rektor Azərbaycanın Milli dövlətçilik ənənələrinin 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə təməlinin qoyulduğunu qeyd edərək, bu tarixin ölkənin müstəqillik yolu üçün mühüm mərhələ olduğunu bildirib. Dos. Səyavuş Qasımov həmçinin vurğulayıb ki, 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etməsi, xalqın milli iradəsi və mübarizəsi ilə mümkün olmuşdur.

Rektor müstəqilliyin möhkəmlənməsi üçün əlverişli daxili və xarici şəraitin yaradılmasının, güclü liderliyin və xalqın milli birliyinin əhəmiyyətini qeyd edib. O, bu baxımdan Ulu öndər Heydər Əliyevin müstəsna rolunu xüsusi vurğulayaraq, onun 1993-cü ildə hakimiyyətə qayıdışının Azərbaycan üçün mühüm dönəm olduğunu, ölkənin sabitlik və inkişaf yoluna qədəm qoyduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirdiyini qeyd edən rektor, Azərbaycanın bu gün beynəlxalq arenada güclü və etibarlı dövlət kimi tanınmasında aparılan siyasətin mühüm rol oynadığını bildirib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Muradova da çıxışında BAAU kollektivini və tədbir iştirakçılarını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edərək, müstəqilliyin qazanılması və qorunmasında xalq birliyinin və güclü liderin əhəmiyyətini vurğulayıb. O, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə Azərbaycanın sabitliyə qovuşduğunu, onun quruculuq sahəsində gördüyü genişmiqyaslı işlərin müasir Azərbaycanın təməlini qoyduğunu qeyd edib. İ.Muradova, eyni zamanda gənclərin müstəqilliyin qorunması və Azərbaycanın inkişafında mühüm rol oynadığını vurğulayaraq onların vətənpərvər ruhda yetişdirilməsinin vacibliyinə diqqət çəkib. O, gəncləri dövlətçilik ənənələrinə və azərbaycançılıq ideologiyasına sadiq qalmağa çağırıb.

BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Dos. Sevda Rzayeva, Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, Dos. Aybəniz Rüstəmova və kafedranın müəllimi Aygün İsmayılova Müstəqilliyin Bərpası Gününə həsr olunmuş məruzələrlə çıxış ediblər. Onlar müstəqilliyin bərpasının tarixi və siyasi əhəmiyyəti, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirmək üçün atılan addımlar, gənc nəslin bu prosesdəki rolu və onların vətənpərvər ruhda tərbiyə edilməsinin zəruriliyindən bəhs ediblər. 

Tədbir mövzular ətrafında aparılan müzakirələrlə yekunlaşıb.

Digər Xəbərlər