- 05 Dec 2025
Bakı Avrasiya Universitetində (BAAU) Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrindən olan Səmərqənd Dövlət Universitetinin və İpək Yolu Turizm və Mədəni İrs Beynəlxalq Universitetinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə BAAU-nun rektoru dos. Səyavuş Qasımov, Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Sevda Rzayeva, Ümumi fənlər kafedrasının müdiri dos. Sevil Bəhrəmova, Ümumi fənlər kafedrasının müəllimi İmmi Hüseynova, həmçinin Səmərqənd Dövlət Universiteti nəzdindəki Mərkəzi Asiya Xalqları və Mədəniyyəti İnstitutunun özbək dilçiliyi kafedrasının dosenti İstoda Rasulova, İpək Yolu Turizm və Mədəni İrs Beynəlxalq Universitetinin Beynəlxalq qrantlar və müqavilələr ofisinin müdiri Feruza Akramova ilə eyni universitetin müəllimi Charos Mehdiyeva iştirak ediblər.
Görüş zamanı tərəflər iki universitet arasında elmi, akademik və mədəni əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə çoxşaxəli müzakirələr aparıblar. BAAU-nun nümayəndələri universitetin beynəlxalq əlaqələr sahəsində həyata keçirdiyi ardıcıl strategiyalar, mövcud tərəfdaşlar və əməkdaşlıq siyasətinin prioritet istiqamətləri haqqında qonaqlara ətraflı məlumat veriblər.
Müzakirələr çərçivəsində birgə elmi-tədqiqat layihələrinin reallaşdırılması, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, akademik proqramların yenilənməsi, həmçinin müştərək simpozium və seminarların təşkili kimi perspektiv əməkdaşlıq istiqamətləri diqqət mərkəzində olub. Tərəflər həmçinin turizm, mədəni irs, dilçilik və sosial elmlər sahələrində innovativ yanaşmaların tətbiqi və təcrübə mübadiləsinin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.
Səfər çərçivəsində qonaqlar həmçinin BAAU-nun Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dos. Zəminə Rüstəmbəyli ilə də görüşüblər. Söhbət zamanı qonaqlara kafedranın elmi-pedaqoji fəaliyyəti, həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlıq potensialı barədə ətraflı məlumat verilib.
Bundan əlavə, nümayəndə heyəti universitetin Kitabxana və İnformasiya Mərkəzi ilə yaxından tanış olub. Onlara mərkəzdə mövcud olan elektron resurslar, rəqəmsal kitabxana imkanları, müasir informasiya texnologiyalarından istifadə prosesi və tələbələr üçün yaradılmış şərait barədə məlumat təqdim edilib. Qonaqlar mərkəzin infrastrukturunu yüksək qiymətləndirərək, gələcəkdə informasiya və resurs mübadiləsi istiqamətində əməkdaşlıq etmək niyyətlərini bildiriblər.
Sonda tərəflər münasibətlərin davamlı şəkildə inkişaf etdirilməsi, yeni birgə təşəbbüslərin formalaşdırılması və əməkdaşlığın uzunmüddətli tərəfdaşlıq platformasına çevrilməsi istiqamətində qarşılıqlı razılığa gəliblər.




