- 23 Oct 2025
Bakı Avrasiya Universitetində (BAAU) “Xarici dil və ədəbiyyatı” kafedrasının və “Elm, İnnovasiya və Doktorantura” sektorunun birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinə əsasən - Planetimizi qoruyaq” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbir zamanı çıxış edənlərin mövzuları Birləşmiş Millətlər Təşkilatının (BMT) 11-ci (dayanıqlı şəhərlər və icmalar), 12-ci (məsuliyyətli istehsal və istehlak), 13-cü (iqlim dəyişikliyinə qarşı mübarizə), 14-cü (dəniz ekosisteminin mühafizəsi) və 15-ci (torpaq ekosisteminin mühafizəsi) kimi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqinə həsr olunmuşdu.
Tədbirin əsas məqsədi tələbələrdə ekoloji düşüncənin formalaşdırılması, iqlim dəyişikliklərinə qarşı mübarizədə fərdi və kollektiv məsuliyyətin artırılması, eləcə də dayanıqlı gələcək üçün praktik addımların müzakirəsini təmin etmək olub.
Açılış nitqi ilə çıxış edən BAAU-nun elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova bu kimi maarifləndirici tədbirlərin vacibliyindən və tələbələrin ekoloji mövzularda fəallığının artırılmasının əhəmiyyətindən bəhs edib.
Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva isə BAAU-nun qlobal çağırışlara uyğun elmi və sosial təşəbbüslərə dəstəyindən danışıb.
Dəyirmi masada qonaq qismində Bakı Dövlət Universitetinin (BDU) “İqtisadi coğrafiya” kafedrasının müdiri c.ü.e.d., professor Çingiz N. İsmayılov “Kiber təhlükəsizlik startaplarının hazırlanması və istehlak mədəniyyəti” mövzusunda və “Turizm və siyasi coğrafiya” kafedrasının müdiri c.ü.e.d., professor Azad İ. İbrahimov isə “Şəhər məkanının siyasi coğrafiyası: Bakı timsalında” mövzusunda məruzə ilə çıxış ediblər.
Tədbir BAAU-nun müəllimlərinin və tələbələrin çıxışları ilə davam edib.




