Xəbərlər

BAAU-da “Qarabağ: Xəritədə silinməyən izlər” adlı maarifləndirici tədbir keçirilib

BAAU-da “Qarabağ: Xəritədə silinməyən izlər” adlı maarifləndirici tədbir keçirilib
  • 04 Jun 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Humanitar fənlər və regionşünaslıq kafedrasının təşkilatçılığı ilə “Qarabağ: Xəritədə silinməyən izlər” mövzusunda tədbir keçirilib. Tədbirdə gənclərin regionun tarixi və coğrafi reallıqları barədə maarifləndirilməsi istiqamətində, eləcə də təhrif olunmuş məlumatların qarşısının alınması və Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində görülən işlərin təqdimatı olub.

Təqdimatda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayev, həmçinin AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarixçi alim Nazim Tapdıqoğlu iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rektorun müşaviri Şəfahət Əliyev qonaqları salamlayaraq, erməni işğalının Azərbaycan torpaqlarında yaratdığı fəsadlar və onların aradan qaldırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət barədə ətraflı məlumat verib.

Daha sonra Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri Aybəniz Rüstəmova  tələbələrin dərs prosesində xəritə və digər əyani vəsaitlərdən istifadə etdiklərini, lakin bəzən təhrif olunmuş məlumatlarla qarşılaşdıqlarını vurğulayıb. O, bu cür tədbirlərin tələbələrin maariflənməsində mühüm rol oynadığını qeyd edib.

Tədbirdə coğrafiyaşünas alim Natiq Babayev Qarabağın memarlıq abidələrinə qarşı erməni vandalizmi ilə bağlı tarixi sənədlərə əsaslanan təqdimat nümayiş etdirib. Eyni zamanda tarixçi Nazim Tapdıqoğlu da “Qarabağ müharibəsi: Zəfərə aparan yol” mövzusunda çıxışı ilə tədbir iştirakçılarının diqqətini bir sıra mühüm məqamlara yönəldərək tələbələrə Azərbaycan ərazilərini təhrif edən xəritə və materiallarla mübarizə sahəsində görülən işlərdən, həmçinin Coğrafi İnformasiya Sistemi (CİS) əsasında yaradılmış elektron məlumat bazası haqqında ətraflı məlumat verib.

Digər Xəbərlər