- 03 Dec 2024
Bakı Avrasiya Universitetinin (BAAU) rektoru, dosent Səyavuş Qasımov təhsil aldıqları kurslara uyğun olaraq universitetin qrup nümayəndələri ilə silsilə görüşlər keçirib. Görüşdə tələbələrin təhsil prosesində qarşılaşdıqları problemlərin aşkarlanması və onları aradan qaldırılması, xüsusilə, təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması, praktikliyinin artırılması, verilən biliklərin əmək bazarının tələblərinə uyğunluğu və onun faydalılığı, eləcə də universitetin maddi-texniki resurslarının əlçatanlığı məsələləri diqqət mərkəzində olub. Həmçinin tələbələrin universitetin ictimai həyatında iştirakı ilə bağlı fikirləri öyrənilib, onları maraqlandıran məsələlər müzakirə edilib və təklifləri dinlənilib.
Rektor, dosent Səyavuş Qasımov BAAU-nun ölkəmizdə Boloniya prosesinin tələblərinə uyğun olaraq tədris prosesini quran ilk ali təhsil müəssisələrindən biri olduğunu vurğulayaraq, bu sahədə böyük potensiala malik olduğunu bildirib. BAAU-da təhsilin yüksək keyfiyyətinin indiyədək başlıca meyar olduğunu qeyd edən rektor, bundan sonra da tədris prosesinin prioritetliyinin saxlanılacağını deyib. O BAAU-nun elmi simasının da formalaşdırılması və beynəlxalq reytinq sistemində layiqli yer tutması üçün görülən işlərdən də danışıb. Bu sahədə artıq xeyli uğurlar əldə edildiyini diqqətə çatdırıb.
BAAU-nun rektoru tələbələrin təhsil və ictimai fəaliyyətdə aktiv iştirakının vacibliyini də xüsusilə vurğulayıb. Bunun üçün bütün lazımi şəraitin olduğunu və qarşıya çıxacaq hər hansı manenin aradan qaldırılacağını deyib. O, bu görüşlərin universitet-tələbə əlaqələrinin güclənməsi və birbaşa dialoq imkanlarını artıraraq tədris prosesinin daha səmərəli təşkili üçün mühüm addım olacağına inandığını bildirib.
Görüşlərdə universitetin təhsilalanlar üçün təqdim etdiyi geniş imkanlar, mübadilə və ikili diplom proqramları, həmçinin tələbə təşkilatlarının fəaliyyəti barədə ətraflı məlumat verilib.
Sonra tələbələrin sualları cavablandırılıb, onların təklif və iradları dinlənilib. Müzakirə olunan məsələlər arasında tədrisin keyfiyyətinin artırılması, mübadilə proqramları ilə bağlı imkanların çoxaldılması və sosial fəaliyyətlərin genişləndirilməsi kimi məsələlər yer alıb.
Sonda rektor tələbələrin təklif və iradlarının nəzərdən keçirilərək uyğun tədbirlərin görülüləcəyini bildirib.