- 10 Apr 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə "Ekologiya və uşaq ədəbiyyatı" mövzusunda mühazirə keçirilib. Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) uyğun olaraq təşkil olunan tədbirdə universitetin Filologiya fakültəsinin akademik-inzibati heyət üzvləri və tələbələr iştirak ediblər.
BAAU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeç çıxış edərək tədbirin keçirilməsində məqsədin gənclər arasında ekoloji şüurun inkişafı və uşaq ədəbiyyatında ekologiyanın, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun məzmunun yaradılmasının vacibliyinə yönəldiiyni bildirib.
Açılış nitqindən sonra kafedranın baş müəllimi Günel Şıxaliyeva təqdimatla çıxış edib. Təqdimat zamanı Türkiyənin tanınmış uşaq yazıçılarından Elçin Kuzucu və onun əsərlərinin uşaqlara ekoloji şüuru aşılamaq məqsədini daşıdığı diqqətə çatdrılıb. Yazıçının "Okean macərası", "Mexaniki ağaclar", "Ekoloji almaz qoruyucuları" və digər uşaq əsərlərində təbiətə qayğı və ətraf mühitin qorunmasına dair güclü mesajlar verildiyi bildirilib. Yazıçının əsərlərindəki qəhrəmanların təbiəti qorumaq üçün elmi və texnoloji yeniliklərdən faydalandıqlarını və bu prosesdə həm də dostluq, əmək və insanlıq dəyərlərinə toxunduğunu qeyd edilib.
G.Şıxaliyeva E.Kuzucunun hekayələrinin ekoloji məsələləri və texnoloji inkişafı birləşdirərək, uşaqlara təbiəti qorumağın və gələcəyin yaşanabilir bir dünya olmasının əhəmiyyətini izah etdiyini vurğulayıb. Həmçinin, "Qaranlıqdakı kəşf biotexnoloji gündəliyi" əsərində gənclərin dostluq və əməkdaşlıq məsələlərinə də xüsusi yer verildiyi vurğulanıb.
Təqdimatdan sonra iştirakçılar arasında suallar verilib və interaktiv fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, mühazirə universitetin sosial məsuliyyət layihələrini dəstəkləmək və dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq keçirilib.