- 03 Mar 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Elm, magistratura və doktorantura sektorunun təşkilatçılığı ilə "Gənc alim və müəllimlərin elmi-tədqiqat fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda təlim keçirilib. Təlimdə BAAU-nun gənc müəllimləri, magistrant və doktorantları iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğurunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Tədbirin açılışında BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova çıxış edərək tədbirin gənc alim və müəllimlərin elmi fəaliyyətini istiqamətləndirməkdə və onlara elmi-tədqiqat bacarıqlarını inkişaf etdirməkdə mühüm rol oynadığını vurğulayıb. O, təlimin gənc araşdırmaçılar üçün praktik bacarıqlar qazandıracağını, dissertasiya və elmi məqalələrin yazılması sahəsində onlara dəstək olacağını bildirərək, universitetin elm sahəsində irəliləyişinə töhfə verəcək təlimi təşkil etdikləri üçün Elm, magistratura və doktorantura sektoruna təşəkkür edib.
Sonra təlimin proqramına uyğun olaraq prof. G.İbrahimova “Tədqiqat işinin quruluşu. Tədqiqat sənədlərinin və elmi əsərlərin yazılması”, AMEA-nın "Elektron Akademiya" şöbəsinin baş mütəxəssisi Aida Tağıyeva “AMEA Dərgipark Açıq Jurnallar Sistemi”, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini Şəhla Quliyeva “Effektiv tədqiqat prosesinin izahı”, AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi Novruz Nuriyev “Məlumatların idarə edilməsi və təhlili” və Strike plaqializm – Biznesin inkişafı üzrə menecer Fəridə Rzazadə “Tədqiqat əməkdaşlığının genişləndirilməsi” mövzularında təqdimatla çıxışlar ediblər.
Təlim proqramı iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzularla bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb. Tədbirin sonunda təlimçilər sertifikatlarla təltif edilib.
Qeyd edək ki, Bakı Avrasiya Universiteti elmi-tədqiqat fəaliyyətinin inkişafına töhfə vermək məqsədilə bu cür təlim və seminarlar davamlı olaraq təşkil edilir.