- 17 Mar 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və Təlim Mərkəzinin (KTM) təşkilatçılığı ilə həyata keçirilən “KitabLab” layihəsinin növbəti görüş və kitab sərgisi keçirilib. Layihə çərçivəsində yazıçı, təlimçi Orxan Şahbaz ilə görüş keçirilib.
Öncə, BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dos. Sevda Rzayeva yazıçı O.Şahbaz ilə görüşüb. Görüş zamanı universitetdə tələbələr arasında kitab oxuma vərdişlərinin formalaşdırılmasının daim diqqət mərkəzində olduğu vurğulanıb və "KitabLab" layihəsinin bu istiqamətdə mühüm rol oynadığı qeyd edilib.
Yazıçı Orxan Şahbaz ali təhsil müəssisələrində bu tip təşəbbüslərin həyata keçirilməsini yüksək qiymətləndirib və “KitabLab” layihəsinin davamlı olmasını arzulayıb. O, müasir əmək bazarında bilik və bacarıqların formalaşmasında kitabların xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, mütaliənin insanın fərdi inkişafında əsas vasitələrdən biri olduğunu qeyd edib.
Layihə çərçivəsində BAAU-nun akademik-inzibati heyət üzvləri, tələbə və magistrantların iştirakı ilə yazıçı Orxan Şahbazın oxucularla görüşü keçirilib. Görüşdə yazıçının həyat və yaradıcılığı, eləcə də onun müəllifi olduğu “Zidd” kitabı ilə bağlı maraqlı müzakirələr aparılıb. Görüş zamanı neyromarketinq və onun müasir biznes və psixologiya sahələrində tətbiqi barədə praktik söhbətlər aparılıb.
Layihə çərçivəsində 2025-ci ilin 12-12 mart tarixlərində universitetdə Parlaq İmzalar Nəşriyyatının kitab sərgisi də təşkil olunub. Sərgidə bədii, psixoloji, uşaq ədəbiyyatı, fərdi inkişaf sahələri üzrə nəşrlər təqdim edilib.
“KitabLab” layihəsi çərçivəsində ilk tədbir cari ilin 19-20 fevral tarixlərində həyata keçirilib və növbəti aylarda universitetdə müxtəlif nəşriyyatların iştirakı ilə növbəti kitab satış sərgilərinin keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi tələbələr arasında kitab oxuma mədəniyyətini təşviq etmək, onların yazıçılarla birbaşa ünsiyyət qurmasını təmin etmək və universitetin intellektual mühitini daha da gücləndirməkdir.
Qeyd edək ki, BAAU KTM tərəfindən həyata keçirilən bu layihə universitetin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq gənclərin elmi və mədəni inkişafına töhfə vermək məqsədilə təşkil olunub.