Xəbərlər

BAAU-da Respublika elmi konfransı öz işinə başlayıb

BAAU-da Respublika elmi konfransı öz işinə başlayıb
  • 26 Apr 2023

Bakı Avrasiya Universitetində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanın zəfəri və sosial, siyasi - iqtisadi inkişaf perspektivləri” adlı Respublika elmi konfransı öz işinə başlayıb.

“Humanitar fənlər və regionşünaslıq” kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar ilk növbədə Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri düzərək onun əziz və unundulmaz xatirəsini yad ediblər.

Tədbir zamanı 44 günlük müharibədə həlak olan şəhidlərin xatirəsi də bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova bildirib ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişafı, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. G.İbrahimova eyni zamanda  bu konfransın düşmən üzərində möhtəşəm qələbənin siyasi, iqtisadi, sosial və digər sahələrdə nəticələri haqqında elmi toplantı rolunu oynayacağını da vurğulayıb.

Daha sonra “Humanitar fənlər və regionşünaslıq” kafedrasının müdiri t.ü.f.d., Aybəniz Rüstəmova -Azərbaycan xalqının böyük oğlu, müstəqil dövlətimizin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində mənalı və şərəfli həyat yolu barədə danışıb. A. Rüstəmova öz növbəsində konfransın işinə uğurlar azulayıb və Azərbaycan xalqının qələbəsini böyük siyasətin möhtəşəm Zəfəri adlandırıb.

Rəsmi mərasimindən sonra konfrans 3 bölmə üzrə öz işini davam etdirib. “Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu”, “Zəfər Bayramı: tariximizin keçmişinə və gələcəyinə elmi baxış” və “Azərbaycanın sosial, mədəni,iqtisadi və siyasi inkişaf istiqamətləri” adlı bölmələrdə konfrans iştirakçılarının maraqlı məruzələri dinlənilib.

Digər Xəbərlər