Xəbərlər

BAAU-da “SDG Həftəsi” çərçivəsində “Azərbaycan poeziyasında sülh çağırışları” mövzusunda tədbir keçirilib

BAAU-da “SDG Həftəsi” çərçivəsində “Azərbaycan poeziyasında sülh çağırışları” mövzusunda tədbir keçirilib
  • 01 May 2025

2025-ci ilin 30 aprel tarixində Bakı Avrasiya Universitetində (BAAU) “SDG Həftəsi” çərçivəsində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Azərbaycan poeziyasında sülh çağırışları” adlı ədəbi-bədii görüş təşkil olunub.

Tədbirin açılışında kafedranın müdiri, prof. Elmira Məmmədova-Kekeç çıxış edərək dünyada sülhün əhəmiyyətindən danışıb, sülhün dövlətlərin inkişafı və insan rifahı üçün əsas meyar olduğunu vurğulayıb.

Ardınca tədbirin proqramına uyğun olaraq tələbə çıxışları dinlənilib. BAAU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının I kurs tələbəsi Nəzrin Gəncəli “Müharibə”, III kurs tələbəsi Günay Cəfərova isə “Sülh” mövzusunda esselərini təqdim ediblər. 

Gənc müəlliflərin yaradıcı çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb və alqışlanıb.

Tələbələrin çıxışlarından sonra Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Əfsanə Nağıyeva “Dünya ədəbiyyatında sülh”, kafedranın böyük laborantı Sitarə Vüsal “Azərbaycan ədəbiyyatında sülh” mövzularında məruzələrlə çıxışlar ediblər. 

Tədbirin sonunda iştirakçılar arasında müzakirələr aparılıb, çıxış edən tələbə və əməkdaşlara təşəkkürnamələr təqdim olunub.

Digər Xəbərlər