- 30 Apr 2025
30 aprel 2025-ci il tarixində Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədlərinə (Sustainable Development Goals) həsr edilmiş “SDG Həftəsi” çərçivəsində elmi seminar keçirilib.
Universitetin konfrans zalında baş tutan tədbirdə BAAU-nun bir qrup professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbiri BAAU-nun Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri dos. Zəminə Rüstəmbəyli açaraq tələbələrə tədbirin əhəmiyyətindən söz açıb. Daha sonra çıxış üçün söz Beynəlxalq əlaqələr üzrə prorektor dos. Sevda Rzayevaya verilib. O, tələbələrə geniş şəkildə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM), Dayanıqlı İnkişafın 17 Məqsədi haqqında məlumat verib.
Sonra, söz Nəzəri dilçilik və türk dilləri kafedrasının professoru Ədalət Tahirzadəyə verilib. Prof. Ə.Tahirzadə Dayanıqlı İnkişafın 4-cü məqsədi “Keyfiyyətli təhsil”ə istinadən dilçiliyin dayanıqlı inkişafını özündə əks etdirən “Azərbaycan dilində elektron resursların yaradılması yolu ilə müasir təhsil sisteminin rəqəmsallaşmasına dəstək vermək” adlı məruzəsi ilə çıxış edib.
İştirakçılar tərəfindən maraqla qarşılanan məruzədən sonra suallar cavablandırılıb, müzakirələr aparılıb.