- 02 Jul 2025
Bakı Avrasiya Universitetində (BAAU) Riyaziyyat və İKT kafedrasının təşkilatçılığı ilə “Süni intellekt və digər texnologiyaların tədris prosesinə tətbiqi” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbirdə universitetin akademik-inzibati heyəti və tələbələr iştirak ediblər.
Seminarın açılışında çıxış edən Riyaziyyat və İKT kafedrasının müdiri dosent Afət Həsənova müasir tədris mühitində texnologiyaların əhəmiyyətindən bəhs edərək, bu kimi təşəbbüslərin təhsilin keyfiyyətinə müsbət təsir etdiyini qeyd edib.
Daha sonra kafedranın müəllimi Cavad Hüseynli çıxış edərək süni intellektin tədris sahəsindəki rolu, yeni texnologiyaların pedaqoji prosesə inteqrasiyası və bu istiqamətdə mövcud imkanlar barədə iştirakçılara geniş məlumat verib. O, həmçinin rəqəmsal alətlərin dərslərdə tətbiqi və onların tədrisin keyfiyyətinə təsiri ilə bağlı praktiki nümunələr təqdim edib.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və interaktiv müzakirələrlə davam edib.