Xəbərlər

BAAU-da “Texnopark” ofisi açıldı - Azərbaycanda ilk

BAAU-da “Texnopark” ofisi açıldı - Azərbaycanda ilk
  • 20 Oct 2023

Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynlinin dəvəti ilə Bakıya səfərə gəlmiş Niğde Ömər Halisdəmir Universitetinin rektoru, professor Hasan Uslu və Nigde Universitetinin “Texnopark”ının müdiri dosent Rıfat Battaloğlu dünən BAAU-da olublar.

Nazim Hüseynli son vaxtlar Azərbaycan-Türkiyə münasibətlərinin sürətli və artan templə inkişafının elm və təhsil ictimaiyyəti tərəfindən də rəğbət doğurduğunu bildirib. O, yaranmış situasiyanın universitetlər arasında da əməkdaşlığın artırılmasını, təcrübə mübadiləsinin genişləndirilməsini diqtə etdiyini vurğulayıb. N.Hüseynli BAAU-nun tərkibində açılması nəzərdə tutulan Niğde “Texnopark”ının əlaqə ofisinin bu əməkdaşlığın bariz nümunəsi olduğunu deyib. Hasan Uslu rəhbərlik etdiyi universitetlə BAAU arasında uzun müddətdir ki, davam edən əməkdaşlığın yeni imkanlar açdığını deyib. O, əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. Rektor H.Uslu daha sonra universitetin tərkibində fəaliyyət göstərən texnoparkların fəaliyyəti haqqında məlumat verib.

 Daha sonra BAAU-nun rektoru Nazim Hüseynli və Niğde Ömər Halisdəmir Universitetinin rektoru Hasan Uslu BAAU-nun tərkibində Niğde universitetinin “Texnoparkı”nın əlaqə ofisinin açılış mərasiminə qatılıblar. Rektorlar ofisin qırmızı lentini kəsiblər.  Niğde Ömər Halisdəmir Universitetinin “Texnopark”ının müdiri Rıfat Battaloğlu rəhbərlik etdiyi qurumun fəliyyəti, məqsədləri və vəzifələri barədə məlumat verib. Ofisin açılmasının təkcə BAAU-nun deyil, Bakıda fəliyyət göstərən bütün universitetlərin tələbələrinin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyini bildirib. Rektorlar yaradıcı tələbələrin fəaliyyətinə dəstək vermək, istedadlı şəxsləri aşkarlamaq üçün “Texnopark”ın təşkilatçılığı və dəstəyi ilə “Layihə müsabiqəsi”nin  keçirilməsi barədə də qərar veriblər. Müsabiqədə Azərbaycan, Qazaxıstan və Türkiyə universitetlərinin tələbələrinin iştirakı nəzərdə tutulur. İştirakçıların layihələrinin qiymətləndirilməsi üçün ortaq komissiyanın yaradılması haqqında da qərar alınıb. Komissiyanın qərarına əsasən qalib elan edilən layihələrin müəllifləri mükafatlandırılacaq. Eyni zamanda qalib layihələrin məhsullarının istehsalata tətbiqi ilə bağlı müvafiq dəstək göstəriləcək.  

Digər Xəbərlər