- 16 Dec 2024
Bakı Avrasiya Universitetində (BAAU) Türk Dünyasının görkəmli alimlərindən biri, Türk Dil Qurumunun sabiq rəhbəri, türkoloq alim profeesor Şükrü Haluk Akalının təqdimatında ustad dərsləri keçirilib.
BAAU-nun Filologiya fakültəsinin tələbələri ilə görüşdə professor Ş.H.Akalın Mahmud Kaşğarlının "Divanü Lüğət-it-Türk" əsərinin yazılmasının 950-ci ildönümü münasibətilə mühazirə təqdim edib. O, "Divanü Lüğət-it-Türk" əsərinin tarixi əhəmiyyətini, Türk dillərinin zənginliyi və müxtəlifliyini vurğulayıb. Əsərdə toplanmış folklor nümunələri, atalar sözləri və deyimlər, həmçinin əsərin Türk mədəniyyətinin qorunub saxlanmasındakı rolu ətraflı şəkildə izah edilib. Əsərin yazılma məqsədlərindən danışaraq Türk dilinin ərəb dünyasında tanıdılması və mədəniyyətin yayılmasındakı əhəmiyyətini xüsusi qeyd edib.
Sonra professor ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və təbliği ilə bağlı tarixi çıxışlarını təhlil edib. O, Heydər Əliyevin ana dilimizə verdiyi dəyərin, dilin dövlətçilik və milli kimlik baxımından əhəmiyyətinin gənc nəsillərə nümunə olduğunu bildirib.
Daha sonra professor Ş.H.Akalın süni intellekt texnologiyalarının həyatımızın müxtəlif sahələrində, xüsusilə təhsildə tətbiqi barədə fikir mübadiləsi aparıb. O, süni intellektin tədris prosesində yarada biləcəyi imkanlardan, həmçinin bu texnologiyanın düzgün və etik istifadəsinin vacibliyindən danışıb.
Mühazirələrin sonunda tələbələrin sualları cavablandırılıb və mövzular ətrafında maraqlı müzakirələr aparılıb.