- 18 Nov 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsində Sosial və siyasi fənlər kafedrasının professoru, tarixçi-tədqiqatçı Məmməd Şəmsəddin oğlu Cəfərlinin təqdimatında “Unudulmuş izlər: Almanlar Azərbaycanda (1819-1941)” mövzusunda tələbə və müəllimlər üçün nümunəvi dərs təşkil olunub.
Dərsdə Sosial və siyasi fənlər kafedrasının müdiri, dosent Aybəniz Rüstəmova, kafedranın əməkdaşları: baş müəllim Roman Ağayev, müəllimlər Aygün Miriyeva, Aygün İsmayılova, Səidə Cəfərova və digər müəllimlər də iştirak ediblər.
Dərs zamanı XIX-XX əsrlərdə Azərbaycanda yaşamış alman icmasının ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı rolu, onların bölgəyə köç prosesi, təsərrüfat fəaliyyəti və maarifçilik irsi haqqında elmi mənbələrə əsaslanan geniş məlumatlar təqdim edilib.
Dərs ərzində mövzu ətrafında maraqlı müzakirələr aparıldı, Azərbaycan tarixində alman icmasının yeri ilə bağlı tarixi faktlar iştirakçıların diqqətinə çatdırılıb.
M. Cəfərli çıxışı zamanı Azərbaycan ərazisində alman icmasının formalaşması, onların iqtisadi fəaliyyəti, sosial-mədəni təsiri və repressiya illərindəki taleyi ilə bağlı çoxillik arxiv araşdırmalarından, həmçinin onun həm yerli, həm də xarici arxivlər üzərində apardığı elmi tədqiqatları ilə sözügedən mövzunun sistemli şəkildə öyrənilməsinə mühüm töhfə verdiyini də əlavə etmişdir. Onun apardığı araşdırmalar beynəlxalq elmi mühitdə də tanınmışdır. M. Cəfərli əlavə olaraq bildirmişdir ki, onun müəllifi olduğu alman icmasının taleyinə dair monoqrafiyası Almaniyanın Milli Kitabxanası (Deutsche Nationalbibliothek) da daxil olmaqla Berlin, Göttingen, Bonn, Münhen, Tübingen, Zürich, Vyana və s. universitetlərinin kitabxana fondlarına daxil edilmişdir və Avropa elmi kataloqlarında qeydiyyata alınmış akademik mənbələr sırasındadır.
Sonda iştirakçılar mövzunun aktual əhəmiyyətini yüksək qiymətləndirib, bu kimi nümunəvi dərslərin humanitar sahədə tədrisin keyfiyyətinin artırılmasına mühüm töhfə verdiyini vurğuladılar.




