- 04 Nov 2025
Bakı Avrasiya Universitetində (BAAU) Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə “Uşaq hüquqları: Qanun və reallıq arasında” mövzusunda elmi-praktik tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva uşaq hüquqlarının müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Daha sonra Ümumi fənlər kafedrasının müdiri, t.ü.f.d., dosent Sevil Bəhrəmova “Uşaq hüquqlarının qorunması – ədalətli gələcəyin əsasıdır” mövzusunda çıxış edərək uşaqların hüquqlarının təmin edilməsində ailə, təhsil və cəmiyyətin üzərinə düşən məsuliyyətdən bəhs edib.
Kafedranın baş müəllimi, h.ü.f.d. Natiq Həsənov “Uşaq hüquqlarının beynəlxalq müdafiə mexanizmləri və Azərbaycan təcrübəsi” adlı məruzəsində beynəlxalq hüquqi sənədlər və ölkəmizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
BDU-nun professoru Mais Əliyev “Uşaqların sosial müdafiəsinin hüquqi baxımdan tənzimlənməsi” mövzusunda çıxışında sosial rifah və hüquqi təminatın qarşılıqlı əlaqəsini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin dosent Əjdər Yunusov və “Sosial və siyasi fənlər” kafedrasının müəllimi Aysu Nazar “Uşaq hüquqlarının müdafiəsi – ölkə qanunvericiliyi çərçivəsində” adlı təqdimatla çıxış ediblər.
Ümumi fənlər kafedrasının müəllimi Günel Cəfərova isə “Uşaq hüquqlarının qorunmasında dövlətin tədbirləri” mövzusunda çıxış edərək dövlət proqramları və sosial layihələr barədə danışıb.
Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçılar mövzu ilə bağlı fikir və təkliflərini bölüşüblər.
Sonda xatirə şəkilləri çəkilib.




