- 13 Nov 2025
Bakı Avrasiya Universitetində (BAAU) Regionşünaslıq və İqtisadiyyat fakültəsinin və “Sosial və siyasi fənlər” kafedrasının təşkilatçılığı ilə “Uşaqların sosial müdafiəsi – sağlam cəmiyyətin təminatı kimi” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov, “Sosial və siyasi fənlər” kafedrasının müdiri, t.ü.f.d., dosent Aybəniz Rüstəmova, kafedranın müəllimləri Aysu Nazar, Afaq Nazarova və Nəzrin Bayramzadə, eləcə də “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə və birliyin hüquqşünası Zeynəb Göyüşova iştirak ediblər.
Dəyirmi masanın məqsədi uşaqların sosial müdafiəsinin sağlam cəmiyyətin formalaşmasında və gələcək nəslin inkişafında oynadığı rolu önə çəkmək, bu sahədə gənclərin ictimai məsuliyyət hissini və hüquqi maarifləndirməsini artırmaq olub.
Açılış nitqində fakültə dekanı, dosent Mütəllim Rəhimov uşaqların hüquqlarının insan hüquqları sistemində mühüm yer tutduğunu vurğulayıb və bu istiqamətdə təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb.
Tədbirin əsas məruzəçisi, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmala Ağazadə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən dövlət siyasətindən, qanunvericilik bazasından və ictimai təşəbbüslərdən bəhs edib, bu sahədə əldə olunan nailiyyətləri və qarşıda duran hədəfləri diqqətə çatdırıb.
Birliyin hüquqşünası Zeynəb Göyüşova çıxışında uşaq hüquqlarının qorunmasında hüquqi maarifləndirmənin vacibliyindən danışıb. O bildirib ki, hər bir valideyn, müəllim və vətəndaş uşaq hüquqlarını tanımalı və bu hüquqların pozulmasına biganə qalmamalıdır.
Kafedra müdiri, dosent Aybəniz Rüstəmova isə mövzuya beynəlxalq hüquq aspektindən yanaşaraq, uşaqların hüquqlarının qorunması sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri barədə məlumat verib.
Daha sonra kafedranın müəllimləri Nəzrin Bayramzadə, Afaq Nazarova və Aysu Nazar çıxış edərək uşaqların hüquqlarının qorunması, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və cəmiyyətin bu prosesdə daşıdığı məsuliyyət barədə fikirlərini bölüşüblər.
Dəyirmi masa tələbələrin fəal iştirakı və sual-cavab sessiyası ilə davam edib.
Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.




