- 17 Dec 2024
Bakı Avrasiya Universitetində (BAAU) Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəylinin “XIV əsr nəsr abidəsi Mustafa Zəririnin “Siyərün-Nəbi” əsərinin leksikası” adlı kitabının təqdimatı keçirilib. Təqdimatda tanınmış türkoloq alim, professor Şükrü Haluk Akalın, universitetin Filologiya fakültəsinin akademik-inzibati heyəti və tələbələr iştirak ediblər.
BAAU-nun Nəzəri dilçilik və türk dilləri kafedrasının dosenti Kəmalə Ələkbərovanın moderatorluğu ilə keçən təqdimatda əsərin Azərbaycan türkologiyasına dəyərli töhfə olaraq dəyərləndirilib. XIII-XIV əsrlər Azərbaycan dilinin inkişaf yolunu özündə əks etdirən anadilli nəsr abidəsi, ədəbi-bədii kitabə-Ərzurumlu Qazı Mustafa Zəririn “Siyərün-Nəbi” əsərinə və onun leksikasına həsr edilmişdir kimi dəyərli fikirlər səsləndirilib.
Professor Ş.H.Akalın təqdimatda çıxış edərək Mustafa Zəririnin əsərinin yalnız Azərbaycan türkologiyası üçün deyil, ümumilikdə türk dünyasının ortaq ədəbi dəyərlərinin araşdırılmasında müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. O, həmçinin əsərin leksik xüsusiyyətlərinin çağdaş türkologiyada yeni istiqamətlərin inkişafına təkan verəcəyini bildirib.
Daha sonra kafedranın əməkdaşları da kitab haqqında olan fikirlərini bölüşüblər. Onlar, kitabın elmi əhəmiyyətini yüksək qiymətləndirərək onun türkoloq-dilçilər, filologiya ixtisasının bakalavr, magistr və doktorantları üçün faydalı mənbə olmasını vurğulayıblar.
Sonda, professor Ş.H.Akalın müəllifi olduğu “Binyıl Önce Binyıl Sonra Kâşgarlı Mahmud ve Divanü Lugati't-Türk” və "Türk Dünyası Ortak İletişim Dili Uğrunda: Azerbaycan Dilinin Yazım Klavuzu" kitablarını BAAU-nun Nəzəri dilçilik və türk dilləri kafedrasına hədiyyə edib.