- 03 Nov 2023
Bakı Avrasiya Universitetində “YAŞA XALQIM” 8 Noyabr “Zəfər Günü” münasibətilə tədbir keçirilib. Vətən müharibəsi iştirakçılarının, şəhid analarının və övladlarının, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan xalqının 30 ildən bəri gözlədiyi “ZƏFƏR GÜNÜ”, “Xarici dil və ədəbiyyat” kafedrasının təşkilatçılığı və kafedranın baş müəllimi Fərqanə Hüseynovanın təqdimatı ilə baş tutan tədbirdə Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyindən, ölkəmizin qələbəsini təmin edən mühüm amillər danışılıb. Tədbiri açıq elan edən rektorun köməkçisi Şəfayət Əliyev qonaqları salamlayaraq rektor, prof. Nazim Hüseynlinin təbriklərini çatdırıb, 8 Noyabr tarixinin “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsindən qürür duyduqlarını, eyni zamanda hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından və Ali Baş Komandan, prezident İlham Əliyevin Zəfər salnaməsindən bəhs edib. Daha sonra sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin parlaq səhifələrindən, həmin günün Azərbaycan xalqının iftixar və qürur gününə çevrilməsindən bəhs edən bədii kompozisiya təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib.