- 25 Nov 2024
Bakı Avrasiya Universitetinin (BAAU) Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə dair silsilə tədbirlər çərçivəsində elmi seminar keçirilib.
Tədbirə giriş nitqini kafedranın müdiri, dosent Zəminə Rüstəmbəyli edib. O, ekolingvistikanın dilçilik elminin yeni bir alt kateqoriyası kimi inkişafını vurğulayaraq, dilin işləndiyi fiziki və sosial ekoloji kontekstin əhəmiyyətini qeyd edib. Z.Rüstəmbəyli bildirib ki, ekolingvistika dilin ekosistemlərlə qarşılıqlı əlaqəsini araşdıran və dilin ekoloji tarazlığa təsirini öyrənən unikal bir sahədir.
Daha sonra BAAU-nun professoru Ədalət Tahirzadə ekologiyanı günümüzün mürəkkəb, fənlərarası biliklər toplusu kimi səciyyələndirib. O, ekolingvistikanın “ekologiya” və “dilçilik” elmlərini birləşdirərək, təbiətşünaslıq və sosial elmləri kəsişdirən mühüm bir tədqiqat sahəsi olduğunu vurğulayıb.
Seminarda universitetin dosenti Kəmalə Ələkbərova, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim İlhamə Şıxıyeva, həmçinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeç maraqlı və elmi məzmunda çıxışlar edərək mövzunun əhəmiyyətinə işıq salıblar.
Tədbir iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bu cür elmi seminarların keçirilməsinin dayanıqlı inkişafın təşviqinə və ekoloji problemlərin həlli yollarının araşdırılmasına töhfə verdiyini vurğulayıblar.