- 05 Nov 2024
Bakı Avrasiya Universitetinin (BAAU) Tələbə Gənclər Təşkilatının (TGT) “SDGs for Youth” klubunun təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Yaşıl qələbənin izi ilə” adlı maarifləndirici görüş keçirilib.
Tədbirin əsas məqsədi Zəfər Gününün milli qürurumuzdakı əvəzsiz yerini vurğulamaq və bu tarixi zəfəri Azərbaycan gəncləri arasında layiqincə qeyd etmək, eyni zamanda iqlim dəyişikliyi və dayanıqlı inkişaf mövzularına diqqət çəkmək olub.
Layihə çərçivəsində iştirakçılar öncə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin xalqımızın iradəsini, birliyini və qətiyyətini necə əks etdirdiyini xatırlayıb, şəhidlərimizin xatirəsini dərin hörmətlə yad ediblər. 8 Noyabrın hər bir azərbaycanlı üçün böyük qürur mənbəyi olduğunu və bu günün Zəfər Günü kimi qeyd edilməsinin gənclərə milli ruh və vətən sevgisi aşılamada nə qədər mühüm rol oynadığını xüsusi olaraq vurğulanıb.
Daha sonra tədbirdə COP29 çərçivəsində dünya ölkələrinin iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində səyləri və Azərbaycanın bu istiqamətdəki töhfələri müzakirə olunub. Bu müzakirələr vasitəsilə gənclərin yaşıl və davamlı gələcək qurmaq yolunda üzərinə düşən məsuliyyətlər bir daha ön plana çəkilib.