Xəbərlər

BAAU ilə “Azərbaycan Uşaqları” İctimai Birliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib

BAAU ilə “Azərbaycan Uşaqları” İctimai Birliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib
  • 15 Jan 2025

Bakı Avrasiya Universitetində (BAAU) “Azərbaycan Uşaqları” İctimai Birliyi Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi  (AUİB) ilə gələcək əməkdaşlıq perspektivlərinə dair görüş keçirilib. Görüşdə BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva, universitetin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri dosent Aybəniz Rüstəmova, Karyera və Təlim Mərkəzinin müdiri Natiq Xəlilov, AUİB-nin təlimçi eksperti Fuad Dərgahlı və hüquqşünası Zeynəb Göyüşova iştirak ediblər.
Görüş zamanı S.Rzayeva universitetin fəaliyyət istiqamətləri, tələbə qəbulu aparılan ixtisaslar, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun görülən işlər barədə məlumat verib. O, həmçinin universitetdə tədris olunan “Sosial iş” ixtisası üzrə tələbələrin istehsalat təcrübəsi üçün AUİB ilə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb və mövcud olan əlaqələrin daha da genişləndirilməsində BAAU-nun maraqlı olduğunu bildirib.
F.Dərgahlı İctimai Birliyin fəaliyyət istiqamətləri, uşaqlara göstərilən qayğı və həyata keçirilən reabilitasiya proqramları barədə məlumat verib. O, təşkilatın əsas missiyasının xüsusi həssas qruplardan olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək, onların həm fiziki, həm də psixoloji baxımdan dəstəklənməsi və gələcəkdə layiqli vətəndaş kimi formalaşmasına kömək etmək olduğunu qeyd edib. AUİB-nin həyata keçirdiyi layihələr çərçivəsində uşaqların sosial, hüquqi müdafiəsi, istedad və bacarıqlarının aşkarlanması, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif proqramların icra edildiyi vurğulanıb. Həmçinin AUİB-də könüllü proqramına start verildiyi və bu proqramın gənclərin sosial iş sahəsində təcrübə qazanmasına şərait yaratdığı diqqətə çatdırılıb.
Tərəflər arasında əməkdaşlığın genişləndirilməsi, tələbələrin təlim proqramlarına cəlb olunması və müxtəlif layihələrdə tərəfdaşlıq imkanları müzakirə edilib. Görüşün sonunda əməkdaşlığın inkişafı üçün konkret təkliflərin təqdim olunmsası barədə razılıq əldə edilib.
Qeyd edək ki, İctimai Birlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məişət zorakılığı qurbanlarına xidmətlərin göstərilməsi məqsədi ilə akkreditasiyadan keçib.

Digər Xəbərlər