- 10 Oct 2023
Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov, BAAU-nun “Regionşünaslıq və İqtisadiyyat” fakultəsinin dekanı, dosent Mütəllim Rəhimov, “Tərcümə” kafedrasının dosenti Ülviyyə Hüseynova Qətər dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Al Hinzab ilə görüşüblər. Səyavuş Qasımov universitet haqqında səfirə məlumat verib. O qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra diplomat ixtisaslı mütəxəssisləri ilkin olaraq Bakı Avrasiya Universiteti hazırlayıb. S.Qasımov daha sonra BAAU-da ərəb dilinin tədrisi və ərəbdilli mütəxəssislərin hazırlanması barədə danışıb. Səfir Feysal bin Abdullah Al Hinzab Qətər dövləti ilə Azərbaycan Respublikası arasında mədəniyyət və təhsil sahəsində qurulan əməkdaşlıqdan danışaraq, bu sahədə görülən işlər barədə məlumat verib. Görüşdə iki ölkənin universitetləri arasında əməkdaşlıq, ərəb dilinin tədrisi ilə bağlı durum, tələbələr arasında mobillik proqramı və s. məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.