- 10 Jan 2025
10 yanvar 2025-ci il tarixində Bakı Avrasiya Universiteti (BAAU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni BAAU-nun rektoru dosent Səyavuş Qasımov və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar.
İmzalanma mərasimində TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov, İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova, Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov, şöbənin baş mütəxəssisi Aysel Məhərrəmova, Kapital Bankın Korporativ satış meneceri Nərmin İsayeva, "VISA" şirkətinin Biznesin inkişafı üzrə baş meneceri Mahmud Səfərov və BAAU-nun akademik-inzibati heyəti iştirak edib.
İmzalanma mərasimini giriş nitqi ilə açıq elan edən rektor universitetin maddi-texniki bazası, professor-müəllim heyəti, tələbə kontingenti, qəbul aparılan ixtisaslar və təhsil səviyyələri haqqında geniş məlumat verib. O, BAAU-nun beynəlmiləlləşməsi və beynəlxalq layihələrdə uğurlu iştirakı barədə də nümayəndə heyətini məlumatlandırıb. S.Qasımov tələbələrə sosial dəstək xarakterli ideya və təşəbbüslərin həmişə vacib olduğunu, eyni zamanda bu cür təşəbbüslərin və layihələrin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb.
TIF-in İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında Fondun və onun fəaliyyəti, “TələbəPlus” layihəsi, vahid tələbə kartı, onun qazandırdığı güzəştlər və endirimlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Sədr vurğulayıb ki, layihə ölkəmiz üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində tələbələrə müəyyən güzəştlər edilməsi üçün Fond öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə edib. Bundan əlavə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün müəyyən güzəştlər də nəzərdə tutulur. Sədr onu da əlavə edib ki, bu gün BAAU ilk özəl ali təhsil müəssisəsi kimi sözügedən layihənin tərəfdaşı olur.
Müzakirələrdən sonra BAAU-nun rektoru dosent Səyavuş Qasımovla TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsini imzalayıblar. İmzalanma mərasimindən sonra TİF-in nümayəndə heyəti universitetin maddi-texniki bazası ilə tanış olublar.
Qeyd edək ki, TİF-in Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “TələbəPlus” layihəsi vahid tələbə kartlarının tətbiq edilməsini nəzərdə tutur. Sözügedən kart tələbələrə sosial dəstək məqsədilə hazırlanmış, müxtəlif xidmət və iaşə obyektlərində də xüsusi güzəştlərin əldə edilməsinə imkan verəcəkdir.