- 05 Nov 2024
Oktyabrın 30-dan noyabrın 3-dək Türkiyənin Marmaris şəhərində 5-ci Beynəlxalq Gənclik Araşdırma Konfransı keçirilib.
Marmaris Orka otelində keçirilən konfransın açılış mərasimində Marmaris ilçe Baş məmuru Nurullah Kaya, Türkiyə Gənclik Klubları Konfederasiyası nümayəndələri, tədqiqatçılar və digər elm adamları ştirak ediblər.
Konfransda açılış nitqi ilə Türkiyə Gənclik Klubları Konfederasiyasının İdarə Heyətinin üzvü Zəkəriyyə Bingöl çıxış edib. O, konfransı beşinci dəfə təşkil etməkdən qürur duyduğunu bildirib, gənclərə daha yaxşı bir dünya arzulayıb. Bingöl ilk dəfə 2016-cı ildə Marmarisdə başlayan konfransın indiyə qədər müxtəlif şəhərlərdə keçirildiyini deyib. O, konfransın gənclər üçün əhəmiyyətini vurğulayaraq, gənclərin yaşadıqları aktual problemlərin müzakirə ediləcəyi və bu sahələrdə çalışan alimlərin öz işlərini paylaşacağı bir platforma təmin ediləcəyini bildirib.
Azərbaycanın bir sıra ali təhsil müəssisələrindən əməkdaşların da iştirak etdiyi konfransda Bakı Avrasiya Universitetini Regionşünaslıq və iqtisadiyyat fakultəsinin dekanı, dos. Mütəllim Rəhimov, Biznes və Menecment kafedrasının müdiri, dos. Mətanət Qurbanova təmsil edib. M.Rəhimov "Gənclərin sosial sahibkarlığının tədqiqatında strategiyalar, iqtisadiy təsir və innovasiyalar", "Yeni nəsil üçün tənqidi düşüncəni inkişaf etdirmək", M.Qurbanova isə "Gələcəyin iqtisadiyyatını şəkilləndirməkdə gəncliyin rolu", "Qloballaşma və gənc turistlər: Mədəniyyətlərarası qarşılıqlı əlaqələr" və "Gənclik və davamlı turizm, gələcəyin turizmçilərinin yetişdirilməsi" mövzularında məruzələrlə çıxışlar ediblər.
Təqdim edilən məruzələr maraqla qarşılanıb, mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Monqolustan, Özbəkistan, Albaniya, Belçika, ABŞ, Almaniya və Şimali Kipr Türk Respublikası kimi ölkələrin alimlərinin iştirakı ilə keçirilən konfrans beynəlxalq xarakter daşıyır. Türkiyənin 18 vilayətindən 18 universitet və 9 fərqli qurumun, həmçinin 13 ölkədən 22 universitet və 2 qurumun qatıldığı konfransda elm adamları gənclərlə bağlı araşdırma və təcrübələrini bölüşüblər.