Xəbərlər

BAAU-nun dosenti Yunanıstanın Aristotel Universitetində təcrübə mübadiləsində iştirak edib

BAAU-nun dosenti Yunanıstanın Aristotel Universitetində təcrübə mübadiləsində iştirak edib
  • 17 May 2022

Hazırkı dövrdə ölkəmizdə diqqət mərkəzində saxlanılan məsələlərdən biri elmlə təhsilin inteqrasiyası, digəri isə ölkə universitetlərinin təhsil sahəsində qabaqcıl beynəlxalq təcrübəni mənimsəməsi və tətbiq etməsidir. Bakı Avrasiya Universiteti (BAAU) ölkənin müxtəlif elmi tədqiqat mərkəzlərində çalışan alim və tədqiqatçıları əməkdaşlığa cəlb edir, onların universitetin müəllimləri kimi beynəlxalq təcrübə proqramlarından faydalanmasını təmin edir.

Avropa İttifaqının Erasmus+ Mobillik Proqramı çərçivəsində artıq bir neçə ildir ki, BAAU ilə Avropa ölkələrinin yüksək reytinqli universitetləri arasında professor-müəllim və tələbə mübadiləsi həyata keçirilir. Bu çərçivədə BAAU-nun Humanitar fənlər və regionşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə 2022-ci il may ayının 9-dan 14-ə qədər Yunanıstanın Saloniki şəhərində yerləşən Aristotel Universitetində dəvətli professor kimi təcrübə mübadiləsində iştirak edib.

E.Kəlbizadə Aristotel Universitetinin Avropa Proqramları Departamentinin, Fəlsəfə fakültəsinin nəzdində fəaliyyət göstərən Tarix və Arxeologiya Departamentinin Yeni və müasir tarix kafedrasının, Tarixi Tədqiqatlar Laboratoriyasının, Siyasi elmlər və iqtisadiyyat fakültəsinin işi ilə yaxından tanış olub, həmçinin Tarix və Arxeologiya Departamentinin  professor-müəllim heyəti, doktorantura, magistratura və bakalavr pillələrində təhsil alan tələbələrə XX əsrdə Cənubi Qafqazda ərazi-sərhəd dəyişiklikləri və mövcud durum, region ölkələrinin Yunanıstanla əlaqələri, Azərbaycan Respublikasının enerji diplomatiyası, multikulturalizm siyasətinə dair mühazirələr oxuyub. Universitetin Tarixi Tədqiqatlar Laboratoriyasının rəhbəri Yohannis Ksidapolousun təklifi ilə gələcəkdə professor-müəllim və tələbə heyəti üçün online seminarların təşkili planlaşdırılıb.

Qeyd etmək lazımdır ki, Saloniki Aristotel Universiteti “Clarivate”in apardığı statistikaya görə dünya universitetləri arasında keyfiyyət göstəricilərinə görə 335-ci, Yunanıstanda isə ikinci universitetdir. Tələbə və professor-müəllim heyətinin sayına görə isə bu Universitet Balkan regionu ölkələrinin universitetləri içərisində ən böyük kontingentə sahib olan universitet hesab edilir.

Səfər çərçivəsində E.Kəlbizadə həmçinin Salonikidəki Atatürk Evində, Bizans, Arxeologiya, Yəhudi muzeylərində, şəhərdəki antik dövrə aid Roma Aqorasında və digər tarixi məkanlarda da olub.

Digər Xəbərlər