- 14 Oct 2025
Türkiyənin Ankara şəhərində Atatürk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunda “Cümhuriyyətimizin II Yüzilliyində Türk Mədəniyyəti” mövzusunda X Beynəlxalq Türk Mədəniyyəti Konqresi keçirilib.
30 ölkədən tanınmış alimlərin qatıldığı və ümumilikdə 130 elmi məruzənin dinlənildiyi konqresdə türk mədəniyyətinin və sivilizasiyasının keçmişdən gələcəyə uzanan inkişaf mərhələləri elmi müstəvidə müzakirə olunub. Tədbir çərçivəsində elmi məruzələrlə yanaşı, türk dünyasının zəngin mədəni irsini əks etdirən müxtəlif sərgilər və təqdimatlar da təşkil edilib. “Üsturlap” sərgisi, məddah və orta oyun tamaşası, “Selçuklu Tac Qapıları” sərgisi və film nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Dörd ildən bir keçirilən bu mötəbər elmi tədbirdə BAAU-nu Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşları: kafedra müdiri, fil.ü.e.d., prof. Elmira Məmmədova-Kekeç və baş müəllim, fil.ü.f.d. Aytən Abbasova təmsil ediblər.
Professor Elmira Məmmədova-Kekeç konqresdə “Mədəniyyətlərarası kontekstdə Azərbaycanda müqayisəli ədəbiyyat” mövzusunda çıxış edib. O, təqdimatında Azərbaycan ədəbiyyatının qlobal ədəbi proseslərlə əlaqələrindən və mədəniyyətlərarası dialoqun ədəbiyyat elminin inkişafına təsirindən bəhs edib.
Aytən Abbasova isə “Leyla Ərbilin “Qəribə bir qadın” romanında patriarxal cəmiyyətdə qadının mövqeyi” mövzusunda elmi məruzə ilə çıxış edərək, türk ədəbiyyatında qadın obrazının sosial-mədəni aspektlərini təhlil edib.




