Xəbərlər

BAAU-nun I kurs tələbələri Uşaq sığınacağını ziyarət edib

BAAU-nun I kurs tələbələri Uşaq sığınacağını ziyarət edib
  • 01 Dec 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Sosial və siyasi fənlər kafedrasının müəllimi Təranə Vəliyeva “Sosial iş” ixtisasının I kurs tələbələri ilə birlikdə Azərbaycan Uşaqları Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini ziyarət edib.

Ziyarətin əsas məqsədi tələbələrdə sosial məsuliyyət hissinin gücləndirilməsi, humanist dəyərlərin aşılanması, empatiya bacarıqlarının inkişaf etdirilməsi və onların sosial layihələrdə fəal iştirakının təşviq edilməsi olub. 

Səfər çərçivəsində BAAU-nun tələbələri mərkəzin ümumi fəaliyyəti, uşaqların sosial müdafiəsi, psixoloji dəstək mexanizmləri və reinteqrasiya istiqamətləri haqqında ətraflı məlumatlandırılıblar. Mərkəzin mütəxəssisləri sosial risk qruplarından olan uşaqlarla ilkin adaptasiya mərhələsi və təhlükəsizlik tədbirləri barədə geniş təqdimat ediblər.

Səfər tələbələrə sosial işin praktik tərəflərini real mühitdə müşahidə etmək, nəzəri bilikləri tətbiqetmə ilə əlaqələndirmək və sosial xidmət sahəsində peşəkar yanaşmanı dərindən dərk etmək imkanı yaradıb.

BAAU sosial yönümlü fəaliyyətlərin davamlı təşkilini sosial iş kadrlarının peşəkar inkişafına mühüm töhfə kimi qiymətləndirir və bu istiqamətdə fərqli proqramlar ilə layihələr icra edir.

Digər Xəbərlər