- 06 Sep 2024
Bakı Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müəllimi Çimnaz İsmayılbəyli Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı reallaşdır” müsabiqəsinin qalibi olub. Onun rəhbərliyi ilə həyata keçirilən “21-ci əsrin müəllimləri” layihəsi başa çatıb. İntensiv təlimlər şəklində reallaşan layihə ali təhsil müəssisələrinin gənc müəllimləinə innovativ və interaktiv təhsil metodları qazandırmaq və onların peşə bacarıqlarını artırmaq məqsədi daşıyıb.
Layihə rəhbəri “Təhsildə İnklüzivlik və Sosial Bərabərlik” adlı sessiya ilə iştirakçıları inklüziv təhsil haqqında məlumatlandıraraq, onlara daha dəstəkləyici mühitin formalaşması haqda informasiya verib. Daha sonra “Qeyri-formal təhsil: alətlər və metodlar” sessiyası ilə iştirakçıları interaktiv metodlar ilə tanış edib. Təlim zamanı iştirakçıların empatiya bacarıqlarının artırılmasına yönəlmiş “Bir Addım İrəli” adlı praktik tapşırıqlar həyata keçirilib.
Layihənin digər sessiyalarına müxtəlif ekspertlər və təlimçilər moderatorluq edib.
Humanitar fənlər və regionşünaslıq kafedrasının müəllimi, təlimçi Əfsanə Muradlı "Ənənəvi yoxsa, müasir təhsil metodları?" və “Müəllim-şagird münasibətləri” adlı iki fərqli sessiya həyata keçirərək müəllimlərə fərqli baxış bucağı qazandırmış və müəllim-tələbə münasibətlərinə dair yeni yanaşmaları izah edib.
Təlim müddətində təqdim edilən innovativ və inklüziv yanaşmalar sayəsində iştirakçılar öz peşəkar bilik və bacarıqlarını təkmilləşdirmək və daha effektiv tədris strategiyalarını auditoriyalarda tətbiq etmək imkanı əldə ediblər. Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub.