- 27 May 2025
Türkiyənin Niğde Ömər Halisdemir Universitetinin ev sahibliyi ilə Bakı Avrasiya Universiteti və Qazaxıstan Milli Qızlar Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə keçirilən 2-ci Beynəlxalq "Ar-Ge" layihə yarışması başa çatıb. Müsabiqənin sonunda təşkil olunan təntənəli mərasimdə akademik heyət, tələbə və sahibkar nominasiyaları üzrə qaliblərə mükafatlar təqdim olunub.
Layihə müsabiqəsinə Türkiyə, Qazaxıstan və Azərbaycandan altı fərqli universitetdən iştirakçılar qatılıb. İki gün davam edən müsabiqədə 46-sı tələbə, 11-i akademik heyət, 4-ü isə sahibkar kateqoriyası olmaqla, ümumilikdə 61 layihə sərgilənib. Layihələr ekspertlərdən təşkil olunan münsiflər heyəti tərəfindən qiymətləndirilib və ən uğurlu layihələr mükafatlandırılıb. Tədbirdə bir çox xüsusi mükafatlar da təqdim olunub.
BAAU-nun “İnformasiya texnologiyaları” ixtisasının 3-cü kurs tələbələri Elcan Hüseynzadə və Rəhiməxanım Babayevanın müsabiqəyə birgə təqdim etdikləri “MediLink” layihəsi ilə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Mükafat BAAU-nun tələbələrinə çatdırılması üçün “Regionşünslıq və iqtisadiyyat” fakültəsinin dekanı f.ü.f.d., dos. Mütəllim Rəhimova təqdim olunub.
Mükafatlandırma mərasimində çıxış edən Niğde Ömər Halisdemir Universitetinin rektoru prof.dr. Hasan Uslu bu il Beynəlxalq Türk Dünyası Araşdırma Simpoziumu ilə eyni vaxtda 2-ci Beynəlxalq "Ar-Ge" layihə yarışmasının da uğurlu keçdiyini bildirib. O, müsabiqənin həm iştirakçı profili, həm də layihələrin müxtəlifliyi və keyfiyyəti baxımından gözləntilərdən xeyli yüksək nəticə əldə edildiyini vurğulayıb.
Rektor, çıxışında akademik heyət, tələbə və sahibkar kimi üç ayrı kateqoriyada keçirilən müsabiqənin dəyərli, innovativ və gələcəyə istiqamətli layihələri əhatə etdiyini bildirdi. İrəli sürülən ideyaların və inkişaf etdirilən layihələrin gələcəyə böyük ümidlər verdiyini söylədi. Rektor, çıxışının sonunda cəsarətlə müsabiqədə iştirak edən və əməyi keçən bütün layihə müəlliflərinə təşəkkür edərək, mükafat almaq hüququ qazanan bütün iştirakçıları təbrik etdi.