Xəbərlər

BAAU-nun tələbələri “DIGIAGE Baku 2025” rəqəmsal oyun düşərgəsində iştirak ediblər

BAAU-nun tələbələri “DIGIAGE Baku 2025” rəqəmsal oyun düşərgəsində iştirak ediblər
  • 08 Dec 2025

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin "DIGIAGE" ilə birgə əməkdaşlığı çərçivəsində “DIGIAGE Baku 2025” rəqəmsal oyun düşərgəsi təşkil olunub. Düşərgədə Bakı Avrasiya Universitetinin (BAAU) tələbələri də iştirak ediblər.

Düşərgənin əsas məqsədi oyun sahəsinə marağı olan istedadlı gənclərin peşəkar mentorların iştirakı ilə yaradıcı ideyalarını oyun layihələrinə çevirməsinə, eyni zamanda onların qlobal bazara çıxışla bağlı təcrübə qazanmalarına və yeni startap təşəbbüsləri formalaşdırmalarına dəstək göstərmək olub.

Tədbir çərçivəsində iştirakçılar komanda işi, layihə təqdimatı və marketinq bacarıqlarını inkişaf etdirməklə yanaşı, yaradıcı yanaşmalarını da gücləndirərək yeni oyun konsepsiyaları hazırlayıblar. Həmçinin onlar sektor mütəxəssislərindən şəbəkələşmə və karyera inkişafı üçün faydalı tövsiyələr əldə ediblər.

Düşərgəyə ümumilikdə 28 komanda və 134 fərdi müraciət olmaqla 238 nəfər qatılıb. Seçilmiş 100 iştirakçıya iki həftə ərzində data əsaslı oyun marketinqi və yayım proseslərinə dair iki ayrı təlim keçirilib.

Üç gün davam edən düşərgədə qəbul mərhələlərini tamamlayan iştirakçılar fərdi və ya komanda şəklində iştirak ediblər. Onlara oyun hazırlığında istifadə olunan müasir proqramlar, oyun inkişafının müxtəlif mərhələləri və sektor üzrə karyera imkanları barədə məlumat verilib. Tanınmış şirkət nümayəndələri və oyun dizaynerləri motivasiya xarakterli təcrübələrini bölüşüblər.

Sözügedən düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” ilə “Bilişim Vadisi Bakı” arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində həyata keçirilməyə başlayıb və məqsədi gənclərin texnoloji bacarıqlarının inkişaf etdirilməsi, onlar üçün təlimlərin təşkili və ölkədə innovativ həllərin tətbiqinə dəstək verməkdir.

BAAU-nun tələbələri “DIGIAGE Baku 2025” rəqəmsal oyun düşərgəsində iştirak ediblər

Digər Xəbərlər