- 22 Dec 2025
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə 19–20 dekabr 2025-ci il tarixlərində "Sənaye 4.0 Hakaton 2025" yarışması keçirilib. Yarışın məqsədi sənaye sahəsində mövcud real problemlər üçün Sənaye 4.0 yönümlü innovativ texnoloji həllərin hazırlanmasını təşviq etmək olub.
Yarışmada iştirak üçün 230 komanda, 800-dən çox iştirakçı müraciət edib. İlkin seçimdən sonra 30 komanda (114 iştirakçı) finala vəsiqə qazanıb. İştirakçılar əsasən tələbələr, dövlət və özəl qurumlarda çalışan əməkdaşlardan ibarət olub.
Sözügedən yarışın final mərhələsində Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbələri Kamran Kazımlı ilə Elşən Quluyev, həmçinin Fiologiya fakültəsinin tələbəsi Əli Süleymanzadə “CodetrixX” adlı komandası ilə “SmartEnergy AI” adlı layihəsini təqdim ediblər. Komanda müsabiqə müddətində innovativ yanaşmaları, texnoloji bilikləri və effektiv komanda işi bacarıqları ilə fəal iştirak edib və təqdimatlarla çıxış ediblər.
Tədbirin birinci günü iştirakçılar Sənaye 4.0 mövzusunda ideya müsabiqəsində yarışıblar. Mentorlar tərəfindən verilən məsləhət və dəstək sayəsində iştirakçılar öz ideyaları əsasında tədbirin ikinci günü real sənaye çağırışlarına cavab verən işlək prototip hazırlamaq üçün çalışıblar.
Tədbir boyunca yerli və beynəlxalq ekspertlər tərəfindən “Komanda quruculuğu”, “İdeyadan sənayeyə” və “Öz biznes ideyamı necə təqdim etməliyəm?” mövzularında təlimlər keçirilib. Komanda quruculuğunu inkişaf etdirmək üçün müxtəlif intellektual oyunlar təşkil edilib.
BAAU-nun Elm, innovasiya və doktorantura sektorunun təşkilati və mentor dəstəyi ilə universitetdə tələbələrin oxşar yarışlarda iştirak etməsi təşviq olunur və fərqli seminarlar, təlimlər və vebinarlar təşkil edilir.




